Quba rayonunda 1993-cü il təvəllüdlü Xəyal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Sahilə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 31-də Quba rayonu, Xanagah kəndi ərazisində baş verib. Xəyal sərxoş vəziyyətdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmkəndlisi Sahilin bədənin müxtəlif nahiyyələrindən yumruq və təpiklə qəsdən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Xəyalın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəyal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü, saat təxminən 16 radələrində kənd ərazisində gəzən zaman həmkəndliləri Sahili və Vüqarı görüb: “Onlara yaxınlaşdım və birlikdə yemək yeyib içki içdik. Bir qədər sonra Sahil ilə aramızda şəxsi münasibətlər zəminində mübahisə yarandı. Mübahisə zamanı Sahilin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurdum. Vüqar bizi ayırdı. Mən evimə getdim”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Xəyalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


