Gündəm Özəl

Həmişəyaşar lider — 101-ci il

Həmişəyaşar lider — 101-ci il

Bəzi adlar var ki, unudulmur. Tarixin səhifələrinə həkk olunur, yaddaşlarda əbədi qalır. Müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin adı da hər bir azərbaycanlının qəlbinə əbədi həkk olunub. Azərbaycanın bugünkü inkişafı, dünyada söz sahibi ölkələrdən olması, öz nüfuzu ilə seçilməsi ulu öndərin adı ilə bağlıdır. Xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev ölkədə bütün sahələrdə önəmli dəyişikliklərin təməlini qoydu. Heydər Əliyevin dövründə təhsil, səhiyyə, iqtisadiyyat, mədəniyyət sahələrində mühüm islahatlar aparıldı, ilklərə imza atıldı. Bu islahatlar müstəqilliyin ilk illərini yaşayan Azərbaycanın həm daxili, həm də xarici siyasətinin ana xəttini təyin etdi. Daxildəki dəyişikliklər vətəndaşların rifahının yüksəlməsinə, sosial vəziyyətin yaxşılaşmasına hesablanmışdısa, aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycanın digər ölkələrlə dostluq münasibətlərinin təməli qoyuldu. Ölkədə siyasi sabitliyin əldə olunmasında Heydər Əliyevin xidmətləri danılmazdı. Torpaqlarımızın 20 faizinin işğalından sonra mürəkkəb tarixi dövrdə 1994-cü ildə Birinci Qarabağ müharibəsini dayandıran atəşkəs sazişi – Bişkek protokolu imzalandı. Azərbaycanın ilk konstitutsiyası qəbul edildi, parlament seçkiləri keçirildi. Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində Azərbaycanın gələcək iqtisadi yüksəlişini təmin edən "Əsrin müqaviləsi" neft sazişi imzalandı. Azərbaycanda Konstutusiya Məhkəməsinin fəaliyyətə başlaması, ölüm hökmünün ləğvi, bələdiyyə seçkiləri haqqında qanunun və bir sıra digər mühüm qanunların qəbul edilməsi məhz ulu öndərin hakimiyyəti dövründə baş verdi. Bütün bunlar ulu öndərin demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına dəyər verdiyini və dövlət siyasətində bunu rəhbər tutduğunu göstərir. Heydər Əliyev siyasətinin digər bir qolu da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və dünya azərbaycanlıları arasında birliyin möhkəmləndirilməsi idi. Hələ Sovet qoşunları tərəfindən Bakıda törədilən Qanlı Yanvar hadisələri zamanı Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış etmiş, xalqa qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdi. Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarını tərk etmişdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi də Ulu Öndərin adı ilə bağlıdır. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin vacib olduğunu anlayırdı. Bu məqsədlə 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olundu. Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9–10-da Dünya Azərbaycanlılarının Bakıda I qurultayı baş tutdu. Bununla diaspor fəaliyyətinin də əsası qoyulmuş oldu.

Həmişəyaşar lider — 101-ci il

Heydər Əliyev ixtisasca tarixçi idi. Demokrat.az-a açıqlamasında bu məqamı xatırladan Milli Məclisin deputatı Anar İsgəndərov vurğulayıb ki, Ulu Öndər hakimiyyətdə olduğu illərdə həm tarix yaratdı, həm də onun fəaliyyəti ilə bağlı tarix yazılır və yazılacaq:

“Heydər Əliyev hakimiyyəti dövründə Azərbaycan heç bir qonşu ölkəyə bir qarış belə torpaq vermədi. Heydər Əliyev ana dilinə, onun inkişafını böyük önəm verirdi. Bakı Dövlət Universitetinin 50 illik yubileyində Heydər Əliyevin rəsmi nitqini Azərbaycan dilində söyləməsi o dövrdə Mərkəzdə qəbul olunmayan bir hadisə idi. Onun səyləri nəticəsində 1978-ci ildə Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Heydər Əliyevin dövründə Azərbaycan aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevrildi, zavod və fabriklərin sayı artdı. Sovet dövlətininin idarəçiliyində iştirak edən yeganə türk-müsəlman Heydər Əliyev idi. O, ermənipərəst Qorbaçovun təzyiqlərinə etiraz olaraq bütün vəzifələrindən istefa verən kimi ermənilərin Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək planları işə düşdü. İlk dəfə Naxçıvan Ali Məclisində üçrəngli Azərbaycan bayrağını rəsmi dövlət bayrağı kimi qəbul edildi. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndən qısa müddət sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşdi. Xalq siyasi böhran, hakimiyyət uğrunda didişmələr, hərbi qiyam, qardaş qırğını, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. Belə bir çətin və həlledici vaxtda xalq öz liderini köməyə çağırdı. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə vətəndaş müharibəsi və qardaş qırğınına son qoyuldu. Balanslaşdırılmış xarici siyasət quruldu, dövlət-din münasibətləri tənzimləndi, bütün sahələrdə dirçəliş baş verdi.

Həmişəyaşar lider — 101-ci il

Bu gün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev ümummilli lider Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirir. Ata vəsiyyəti yerinə yetirilib – torpaqlarımız düşmən tapdağından azad edilib, suverenliyimiz bərqərar olunub. Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə sayta açıqlamasında bildirib ki, Ulu Öndər Azərbaycanı qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirməyə bacardı:

Həmişəyaşar lider — 101-ci il

“Ulu Öndərin hamımızın yaddaşına həkk olan və dilində əzbərə çevrilən kəlmələri onun Azərbaycan xalqının mənafeyini bütün maraqlardan üstün tutduğunu açıq-aydın ifadə edir. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Həqiqətən də Ulu Öndərin milli mənsubiyyəti ilə fəxr etməsi hakimiyyəti dövründə fəaliyyətinin bütün istiqamətlərində nəzərə çarpır. Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işləyərkən, Kremldə yüksək vəzifələrdə çalışarkən də xalqının maraqlarına xidmət edib, bu uğurda qanunlar qəbul edilməsinə nail olub. Ümummilli lider Heydər Əliyevin sosial sahəyə xüsusi qayğısı, uğurlu sosial inkişaf strategiyası, insan hüquq və azadlıqların müdafiəsi, əfv sərəncamlarının imzalanması, əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlar xalq tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanırsa, bunun başlıca səbəbi Ulu Öndərin düşünülmüş, praqmatik, gələcəyə yönəlik siyasətindədir. Müdrik dövlət xadiminin ən böyük arzusu isə torpaqlarımızı azad görmək idi. Bu vacib missiyanı isə cənab Prezident İlham Əliyev reallaşdırdı. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” deyən ölkə başçısı Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirməkdədir”.

Törə Zeynallı Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində hazırlanıb.

NE
Nihadə Eyyubova