Azərbaycanda çörək və un məmulatlarına tələbat azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk rübündə 262,1 min ton çörək istehsal edilib. Bu da əvvəlki dövrlə müqayisədə 8,2 faiz azdır. O da bildirilir ki, 2023-cü ildə un istehsalı 2,6 faiz, çörək istehsalı isə 3,1 faiz azalıb.
İqtisadçı ekspert Akif Nəsirli Demokrat.az-a açıqlamasında deyib ki, çörəyin satış qiymətində fərq gözlənilmir: 
“Ölkədə çörək istehsalı da inhisardadır. Ona görə də qiymətə təsir edən əsas amil maya dəyəridir. Dünyada buğdanın qiymətində yüksək artım olmadığına görə, Azərbaycanda da çörəyin maya dəyərində artım yoxdur. Qiymətlər o vaxt dəyişə bilər ki, bazarda rəqabət olsun. Belə olsa, çörəyin qiymətində ucuzlaşma müşahidə edə bilərik. Çörək indi maya dəyərindən az qala iki dəfə baha satılır”.
Törə Zeynallı Demokrat.az


