“Təəssüf ki, son vaxtlar hərbi formadan istifadə edib xoşagəlməz hərəkətlər edən şəxslərin sayı artıb. Bəziləri cinayət məsuliyyətinə də cəlb olunub. Formaya qarşı hörmətsizlik edib qanunsuz hərəkətlərə yol verərək ölkə qanunlarını pozan şəxslərə rast gəlmişik. Təəssüf doğuran məqamlardan biri də odur ki, özünəlayiq olmayan formanı, əsasən, xüsusi təyinatlı qüvvələrin formasını, səhra formasını geyinib üzərinə orden və medallar taxaraq dövlət qurumlarına, müxtəlif şəxslərə müraciət edirlər, müxtəlif tədbirlərə gedirlər”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. O qeyd edib ki, hərbi polis bu məsələdə daha sərt nəzarət həyata keçirməlidir:
“Hətta adi rəngli geyimləri hərbi formanın tərkib hissəsi kimi geyinirlər, avtomobilin üzərinə “qazi” sözünü yazıb yollarda təhlükəli vəziyyət yaradırlar, hərbi polisin çağırışlarına da cavab vermirlər. Dəfələrlə hərbi formadan qanunsuz istifadə edən şəxslərlə söhbətlər aparılıb. Sumqayıtda baş verən hadisə də təsdiq edir ki, həmin şəxs bu hərəkətini yaşadığı yerdən aralıda edir ki, onu tanıyan olmasın. Tanıyanlar bilir ki, bu adam hərbçi deyil, bəlkə heç hərbi xidmətdə də olmayıb. Düşünürəm ki, bunun qarşısı alınacaq. Müharibələrdən sonra belə hallara həmişə rast gəlinib. Forma ilə fəxr etmək lazımdır. Əvvəllər dəb idi, hərbi formanı geyinib tikintidə işləyirdilər. Formaya həqiqətən hörmət edən insan onu dəyərli tarixi yadigar kimi saxlayır”.
A.Nağıyev əlavə edib ki, hərbi geyimdən istifadə hüququ olan şəxslər qanunda müəyyən olunub:
“Adi vətəndaşlar hərbi forma ilə gəzə bilməz. Qüsursuz hərbi xidmət keçmiş və hərbi biletində tərxis olunduqdan sonra müvafiq ştamp və ya möhür olan şəxslər formanı daşıya bilər.
Hərbi qulluqçuların forma və nişanları 2001-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə və "Azərbaycan Respublikası Silahlı qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə Prezidentin müvafiq fərmanı ilə tənzimlənir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt şəhərində özünü qazi kimi təqdim etməklə hərbi geyimdə müxtəlif obyektlərə və restoranlara daxil olub ona maddi köməklik olunmasını tələb edən Şirvan şəhər sakini saxlanılıb.
Törə Zeynallı Demokrat.az


