Kriminal Özəl

Gənclər arasında borc üstündə mübahisə qanla bitdi — TƏFƏRRÜAT

Gənclər arasında borc üstündə mübahisə qanla bitdi — TƏFƏRRÜAT

Bakının Binəqədi rayonunda 1999-cu il təvəllüdlü Kənan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Elçini bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 16 oktyabr 2022-ci ildə Binəqədi rayonu, 1-ci mədən, korpus 9 ünvanında baş verib.

Bakı şəhər sakini Kənan tanışı Elçinin bir müddət əvvəl ondan borca aldığı 200 manatı qaytarmasını tələb edərkən, sonuncunun ona kobud cavab verərək borcunu qaytarmayacağını bildirməsi və nalayiq sözlər deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaqla döş qəfəsindən bir dəfə vurub.

Hadisəni törədən Kənanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2022-ci ildə Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik saxlama) maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə, məhkum olunub və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilib: “Elçini təxminən 6 ildir tanıyıram. Onunla yaxşı münasibətdə olmuşam. 2022-ci ilin yay aylarında Elçin məndən 200 manat borc istəyib, qısa müddətdə qaytaracağını bildirdi. Mən də Elçinə 200 manat borc verdim. Sonuncu vədinə əməl etmədi, bir müddət keçsə də, pulumu qaytarmadı. Elçin əvvəlcə müxtəlif bəhanələr gətirdi, sonralar isə məndən yayınmağa başladı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 16 oktyabr 2022-ci ildə, saat 15 radələrində idarə etdiyi “Niva” markalı avtomobillə Bakı şəhəri Binəqədi rayonu, Mədən 1, korpus 9 ünvanında hərəkət edərkən yolun kənarında Elçini görüb: “Avtomobili saxladım və Elçinə yaxınlaşdım.

Ondan 200 manat pulunu qaytarmasını tələb etdim. Elçin əvvəlcə borcu qaytaracağını bildirsə də, sonra kobud şəkildə pulumu atdığını, qaytarmayacağını bildirdi. Bu səbəbdən aramızda sözlü mübahisə yarandı. Mübahisə zamanı Elçin ailəmin ünvanına təhqiramiz ifadələr işlətdi, mənimlə əlbəyaxa oldu. Elçinin bu hərəkətlərindən əsəbləşdim və şalvarının sağ yan cibində olan açılıb-bağlanan bıçağı çıxartdım, bir dəfə Elçinin sinəsinin arxa sol yan hissəsindən vurdum. Bundan sonra Elçin qaçıb oradan uzaqlaşdı”.

İş üzrə zərərçəkmiş Kənanın sözlərinə görə, 2022-ci ilin yay aylarında Kənandan 200 manat borc alıb, qısa müddət ərzində qaytaracağına söz verib: “Maddi vəziyyətim pis olduğundan pulu vaxtında qaytara bilmədim. Kənan bir neçə dəfə məndən borcunu istədi. Mən də yaxın vaxtlarda qaytaracağımı bildirdim. 16 oktyabr 2022-ci il tarixdə, saat 15 radələrində yaşadığı evin yaxınlığında gəzərkən Kənan “Niva” markalı avtomobildən düşərək mənə yaxınlaşdı. Kənan aqressiv şəkildə məndən borcunu tələb etdi. Maddi vəziyyətimin yaxşı olmadığı dedim, borcu yaxın vaxtda qaytaracağımı bildirdim. Kənan isə mənimlə razılaşmadə, borcu təcili qaytarmağımı tələb etdi. Kənanın bu hərəkətlərindən əsəbləşdim, pulu qaytarmayacağımı bildirdim. Odur ki, aramızlda mübahisə yarandı. Mübahisə zamanı Kənan bıçaqla sinəmin sol hissəsindən vurdu. Qorxub oradan qaçaraq uzaqlaşdım. Yaşadığı evə getdim. Atam mənim vəziyyətimi görüb təcili tibbi yardım xidmətini çağırdı”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kənan 3 il 8 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova