Gündəm Özəl

"Bütün məsuliyyəti valideynin üzərinə qoymaq doğru deyil" — AÇIQLAMA

Bütün məsuliyyəti valideynin üzərinə qoymaq doğru deyil — AÇIQLAMA

Xəbər verdiyimiz kimi Bakı Şəhər Baş Polis İdarəsində “Himayədar ailə” qayğı modeli mövzusunda ictimai dinləmə keçirilib. Bildirilib ki, hələ də övladlarına baxmaq istəməyən ailələr var. Təəssüf ki, ölkədə boşanmaların sayı günü-gündən artır. Ailə qurmaq isə sadə, məsuliyyətdən uzaq bir prosesə çevrilib. Ailə institutunu möhkəmlətmək üçün köklü işlərin görülməsi zərurətə çevrilib.

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, Bakı şəhər Baş Polis idarəsi gündəlik iş rejimində müxtəlif hadisələrlə üzləşir. Əsasən də ailə münasibətlərindən doğan məsələlərə digərlərindən daha çox vaxt ayırmalı olur. Sədr Demokrat.az-a açıqlamasında deyib ki, bu, yeni bir prosesdir və müxtəlif çətinliklər yaradır:

"Son zamanlar valideyn məsuliyyəti kimi bir ifadə tez-tez qarşımıza çıxır. Fikrimcə, bütün məsuliyyəti valideynin üzərinə qoymaq doğru deyil. Çünki, hazırkı durumda boşanmalara nəzər salsaq, tək anaların uşaq böyütməsi, bəzən bir neçə iş yerində işləməsi, uşaqlarının təhsili və onların inkişafına görə çalışması uğrunda mübarizəsini də görürük. Kifayət qədər məsuliyyətli valideynlər var. Bəzən olduqca məsuliyyətli valideynlərin uşaqları hər hansı mühitin təsirinə düşə bilir. Lakin onu da etiraf edirəm ki, bir çox valideynlərin ailəliklə narkotikə qurşanması uşaqların həyatına mənfi təsir göstərir. O cümlədən ailədə zorakılıq problemi də bu qəbildən olandır"

Məsuliyyətsiz ailə ifadəsini işlətməzdən öncə Ailə Məcəlləsində ailələrə hər hansı dəstək proqramı barədə məlumata rast gəlirikmi? Ailə Məcəlləsi hazırlananda yeni tendensiyalar yox idi. Boşanmalar bu qədər deyildi, narkotikdən istifadə bu qədər yayılmamışdı. Məktəb ailə ilə birlikdə çalışırdı. Sosial münasibətlərdə etik normalar daha üstünlük təşkil edirdi. Mədəni münasibətlər əsas amil idi. Qeyd etdiyim halları nəzərdən keçirmədən, bütün məsuliyyəti yalnız ailədən tələb etmək bir az absurd görünür. Hazırkı dönəm ailələr üçün yol xəritəsinə ehtiyac yaradır. O cümlədən Ailə Məcəlləsində ailələr üçün sosial proqramların nəzərdən keçirilməsi günün tələblərindən biridir. Uşaqların maneəsiz, dövlət hesabına baxçalarda yerləşdirilməsi, məktəb və valideyn münasibətlərinin müsbət dəyişikliklə diqqəti cəlb etməsi, uşaqların neqativ sosial təsirlərdən qorunması üçün təhlükəsiz proqramların hazırlanması ən vacib məsələlərdəndir.

Zaman sürətlə keçir və bu bizim əleyhimizə işləyir. Qanunlar isə ləng dəyişir. Biz milli mənəvi dəyərlərimizi, ailələrin rifahı üçün yeni proqramlar hazırlamasaq, mövcud olan məsuliyyətli ailələrimizi də bu təsirlərdən qoruya bilməyəcəyik".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova