“Blinken Əliyevi inandırmağa çalışır ki, aprelin 5-də Ermənistan-Avropa Birliyi-ABŞ formatında keçiriləcək Brüssel görüşü Azərbaycana qarşı deyil. Əslində bununla görüşün Rusiyaya qarşı olduğu mesajını verir. Hərçənd, Vaşinqtonun nöqteyi-nəzərindən bu görüş Bakıya qarşı planlaşdırılmasa belə, Ermənistana verilən dəstəyin bölgədə mənzərəni Azərbaycanın əleyhinə çevrilməsi ilə nəticələnə bilər”.
Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
O qeyd edib ki, Ermənistan Qərbin kollektiv dəstəyini 44 günlük müharibədən sonra bölgədə situasiyanın İrəvanın xeyrinə dəyişməsi kimi qəbul edir:
“Bundan Bakıya qarşı siyasətində istifadə etməyə çalışacaq, xüsusilə sərhədin delimitasiyası məsələsində. Misal üçün, sərhəddə təxribat törədib, asanlıqla “Azərbaycanı hücumda” ittiham edəcəklər. Əliyevin Blinkenə açıqladığı məlumatlar isə Ermənistana veriləcək dəstəyin Azərbaycan üçün yarada biləcəyi təhlükəni daha açıq şəkildə göstərir. Bunlar da Ermənistana hərbi dəstəyin verilməsi və birgə hərbi təlimlərin keçirilməsi ola bilər. Daha sonra Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması ola bilər. Aİ Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması və s. Azərbaycan Prezidentinin bunu ABŞ dövət katibinə deməsi rəsmi Bakıda kəşfiyyat məlumatlarının olduğu deməkdir. Bu baxımdan, Blinkenin Bakını “əmin etmək” cəhdi inandırıcı görünmür”.
Törə Zeynallı Demokrat.az


