Bakının Xəzər rayonunda 1985-ci il təvəllüdlü Şahmar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülnara (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə yaşadığı Xəzər rayonu, Türkan qəsəbəsində baş verib.
Şahmar kirayə yaşadığı evdə həyat yoldaşı, 1981 -ci il təvəllüdlü Gülnar ilə aralarında baş vermiş mübahisə zəminində şillə, yumruqla onun sifət və baş nahiyəsidən bir neçə dəfə qəsdən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Şahmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Gülnar onun həyat yoldaşıdır, birgə nigahdan 2 övladı var:
“Hadisə günü, saat 16 radələrində kirayə yaşadığım Türkan qəsəbəsi yeni sahədə yerləşən nömrəsiz evə gəldim. Həmin vaxt Gülnar mənə evdə olan qaz balonunu doldurmağımı dedi. Mən isə bir az istirahət etdikdən sonra qaz balonunu dolduracağımı bildirdim. Bu vaxt Gülnar mənə kobud cavab verdi. Bundan əsəbləşərək onun baş nahiyəsindən bir dəfə vurdum və saçını yoldum. Gülnara əlim ilə baş nahiyəsindən vurub xəsarət yetirən zaman azyaşlı uşaqlarım evdə olsalar da, digər otaqda olduqları üçün hadisənin şahidi olmayıblar”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahmar 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşadığı evi axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli Demokrat.az


