Bakının Sabunçu rayonunda 1980-ci il təvəllüdlü Elçin ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Lətifəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 21-də baş verib.
Elçin həmin gün, gecə saat 00.30-da yaşadığı evdə keçmiş arvadı Lətifə ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı bir dəfə qəsdən yumruqla onun alın nahiyəsindən vuraraq, ona xəsarətlər yetirib.
Hadisəni törədən Elçinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Lətifə ilə 2006-cı ildə rəsmi nikaha daxil olub, bu evlilikdən iki övladları dünyaya gəlib:
“Ailə qurduqdan sonra hər bir ailədə olduğu kimi bizim də ailəmizdə bəzi söz söhbətlərimiz oldu. Yanvarın 20-də, axşam vaxtı evdə olan zaman yenidən Lətifə ilə aramızda söz söhbətlərimiz oldu. Lətifə hadisə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat verdi. Bundan sonra yanvarın 21-də, saat 00.30-da Lətifənin yaşadığı evə gələrək onun hadisə arədə polisə məlumat verməsini irad bildirdim. Onunla dəhlizində aramızda mübahisə yarandı. Mübahisə zamanı mənə cavab qaytardığı üçün əsəbləşərək bir dəfə yumruqla alın nahiyəsinə zərbə vurdum”.
İş üzrə zərərçəkmiş Lətifənin sözlərinə görə, ailə qurduqdan sonra Elçinin həddindən artıq spirtli içki içməsi və onu səbəbsiz qısqanmaları səbəbindən aralarında mütəmadi mübahisələr olub:
“Yanvarın 20-də, axşam vaxtı evdə olan zaman yenidən Elçinlə aramızda söz söhbətlərimiz oldu. Mən hadisə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdim. Bundan sonra yanvarın 21-də, saat 00.30-da Elçin sərxoş halda yaşadığımız evə gəldi. Mənim polis əməkdaşlarına hadisə barədə məlumat verməyimi irad bildirərək dəhlizində mübahisə etməyə başladı. Bir dəfə yumruqla alın nahiyəmdən zərbə endirdi”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elçinin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


