Gündəm Özəl

Deputat: “Azərbaycan NATO standartlarından ordunun gücləndirilməsində istifadə edir”

Deputat: “Azərbaycan NATO standartlarından ordunun gücləndirilməsində istifadə edir”

NATO ilə Azərbaycan arasında əməkdaşlıq gücləndirilir. Martın 18-də Bakıda səfərdə olan qurumun Baş katibi Yens Stoltenberq Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibəsində deyib ki, NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır: "Bu çərçivə sənədi qarşılıqlı fəaliyyət məsələlərinə köklənəcək. Burada əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması üçün birgə işləməkdir. Biz, həmçinin hərbi təhsil məsələlərinə də önəm veririk. Bu da tərəflər arasında qarşılıqlı fəaliyyəti inkişaf etdirəcək. Biz, eyni zamanda, əməkdaşlığımızı gələcəkdə inkişaf etdirə biləcəyimiz digər sahələri də nəzərdən keçiririk. Bütün bunlar Azərbaycan və NATO qüvvələrini bir-birinə daha da yaxınlaşdıracaq və düşünürəm bu, hər iki tərəf üçün faydalı olacaq", - Stoltenberq əlavə edib.

NATO ilə əməkdaşlığın gücləndirilməsinin üstünlüklərini şərh edən Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü deputat Elman Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan heç bir hərbi bloka üzv deyil və üzv olmaq fikri də yoxdur:

“Azərbaycan öz ordusunu gücləndirmək üçün hərb sahəsində dünyanın ən qabaqcıl ölkələrinin təcrübələrini öyrənir. NATO standartlarından da ordunun gücləndirilməsində, təlimlərdə istifadə edilir. NATO-Azərbaycan münasibətləri uzun illərdir davam edir. Azərbaycan NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasının tərkibində iştirak edib.

Onu da nəzərə almalıyıq ki, Azərbaycanın hərbi sahədə müttəfiqi olan qardaş Türkiyə NATO-nun ikinci ən güclü orduya malik ölkəsidir. Bu o deməkdir ki, Azərbayca Türkiyə təcrübəsindən yararlanmaqla həm də NATO təcrübəsindən bəhrələnir. Düşünürəm ki, NATO Baş katibinin Azərbaycana səfəri, müdafiə naziri və cənab Prezidentlə görüşlər, müzakirə edilən məsələlər, mətbuata verilən açıqlamalar əməkdaşlığın bir nümunəsidir. Ancaq bunlar NATO ilə müttəfiqlik demək deyil, sadəcə mövcud əməkdaşlığın davamıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova