Martın 11-də Milli Məclisdə keçirilən ictimai dinləmələrdə şəhərlərarası uçuşların bərpa edilməsi təklif olunub. Deputat Naqif Həmzəyev qeyd edib ki, tarix boyu Gəncədən Bakıya reyslər olub, bunu yenidən nizama salmaq lazımdır. O əlavə edib ki, aidiyyəti qurumun müraciətlərin cavablandırılması istiqamətində aktivliyinə ehtiyac var, əks halda vətəndaşlar arasında narazılıq yaranacaq.
Təklifə münasibət bildirən turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlamasında deyib ki, tələbat nəzərə alınmalıdır:
“Əvvəllər ərəb ölkələrindən Qəbələyə birbaşa uçuşlar var idi, buna görə otellərdə də canlanma idi. Amma uçuşların bərpası sadə məsələ deyil. Bir neçə nəfər üçün uçuşlar başladıla bilməz, tələbat yüksək olmalıdır. Lənkəran hava limanına, Gəncəyə xarici ölkələrdən uçuşlar var, amma ölkədaxili uçuşların bərpası üçün tələb amilini nəzərə almaq lazımdır. Bu gün Zəngilan və Füzuli hava limanları işlək vəziyyətdədir və lazım olduqca onlardan istifadə olunur. Təyyarənin bir reysi kifayət qədər yüksək məbləğə başa gəlir, ona görə də dəqiq təhlilə ehtiyac var.
Şəhərlərarası uçuşların bərpası əvəzinə regionlardan xarici ölkələrə uçuşların sayının artırılması barədə düşünülə bilər. Qiymətlər də münasib olmalıdır ki, insanlar regionlardan Bakıya gəlib səfər etməsinlər. Bəzi reyslər gecə saatlarına düşdüyü üçün insanların xeyli vaxtı gedir. Regionlarda reyslərin sayını artırmaq, münasib qiymətlər təyin etmək lazımdır. Hətta belə olduqda Bakıdan da insanlar səfərlərini regionlardan edə bilərlər”.
Törə Zeynallı Demokrat.az


