“Azərbaycanda qadınlara qarşı basqı yoxdur, heç olmayıb da. Yalan sözdür. Əksinə, qadınları hər dəfə nümunə kimi göstərir, böyük hörmətlə yanaşırlar. Neçə illərdir, qadınlarla bağlı nə qədər qanunlar qəbul olunub, ictimaiyyətdə qadınların rolu artırılıb. Baxın görün, qeyri-hökumət təşkilatlarının əksəriyyəti qadınların əlindədir. Az da olsa, sahibkar qadınlarımız var. Bələdiyyələrdə də qadınların sayı çox artıb. Bunların hamısı qadınlara neçə illər ərzində böyük önəm verilməsinin göstəricisidir”.
Bu sözləri Pravda.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu Bakıda bir qrup feminist tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü keçirilən aksiya barədə danışarkən deyib.
O, aksiyada qadın qətillərinin siyasi olması barədə səsləndirilən şüarlara isə belə münasibət bildirib: “Azərbaycanda zorakılığa qarşı mübarizədə polis tərəfindən də çox işlər görülür. Bu gün qadın qorxmadan polisə müraciət edəndə kişini həbs edirlər. Aliment verməmək də ailəyə qarşı zorakılıqdır. Hətta aliment verməyən kişini axtarıb tapıb onu məsuliyyətə cəlb edirlər ki, aliment verməsən, səni həbs edəcəyik. Bu, qanunda var. Ailədə zorakılıq ayrı məsələdir, tərbiyədən asılıdır. İndi ailələr bir-biriləri ilə tanış olmamış cütlüklər cavan yaşda evlənirlər. Əvvəllər ailəsiz heç kim evlənmirdi, ailələr tanış olur, gənclərin bir-birilərinə uyğunluğunu öyrənirdilər. Məsələni böyüklər həll edirdilər ki, qız bu evə gedə bilər, ya yox. İndi qızlarımız özləri sərbəst pul qazana, işləyə, ailə dolandıra bilirlər. Bunun üçün də evdə kiçik münaqişə olanda deyirlər ki, sənsiz də özümü saxlaya bilərəm... Hazırda bu məsələ ortaya düşüb. Zorakılıq da bundan başlayır. Cavan ailələr bir-birilərini başa düşmədən qurulur. İstənilən halda, zorakılığa qarşı mübarizə hökumət, polis, qeyri-hökumət təşkilatları tərəfindən aparılır, qarşısı alınır. Bunu inkar edə bilməzlər”.
N.Cəfəroğlu yüksək vəzifələrdə qadınların sayının az olması məsələsinə də toxunub: “Vəzifələrdə qadınların olmaması, doğrudan da, məni bir az məyus edir. Bizdə hazırda o qədər abırlı, gözəl, ən əsası işini bilən xanımlar var ki, onları, heç şübhəsiz, icra başçısı təyin etmək olar. Çox gözəl işlər görərlər. Millət vəkillərinin 40-50%-i niyə qadın olmasın? Mən başa düşürəm, kişi hegemonluğu bizi basır, amma qadınlarımız hər bir sahədə özlərini göstərə bilirlər. Hətta Vətən müharibəsində qadınlarımız birbaşa iştirak etməsələr də, əsgərlərə kənardan nə qədər dəstək oldular. Hərdən kvota məsələsindən danışıram, çoxunun xoşuna gəlmir. Kvota bundan ötrüdür ki, desinlər, qadın burada işləyə bilər. Heç olmasa, hər nazirin bir müavini qadın olsun. Müavinlikdən sonra qadınları nazir təyin etmək olar. Qərar qəbuletmədə qadınların rolu artırılmalıdır”.


