Qərbin anti-Azərbaycan dairələrinin təxribat planlarını həyata keçirməyə cəhd etdiyi sektorlardan biri də media sahəsidir. Əslində mediadan ictimai rəyin formalaşdırılması və manipulyasiya edilməsi məqsədilə istifadə edirlər. “Toplum TV” Azərbaycanda məhz bu işin icrasını həyata keçirir. Obyektivlikdən kənar şəkildə yalnız neqativləri işıqlandırır, ən xırda məsələləri şişirdərək siyasiləşdirmək, yaxud heç nə tapa bilməyəndə süni şəkildə problem yaradırlar. Misal üçün, hansısa aksiyada polislə qarşıdurma yaradaraq, bunu jurnalistlərin fəaliyyətinə məhdudiyyətin yaradılması kimi təqdim edirlər və s.
Bu təxribat fəaliyyətini indiyədək Qərbdən maliyyələşən şəbəkə həmişə həyata keçirib. Bunu ya "media" kimi, ya QHT, yaxud hansısa təşkilat adı altında həyata keçirirlər. "Abzas media" da anti-milli şəbəkənin belə layihələrindən biri idi. Lakin aparılan araşdırmalar nəticəsində onların fəaliyyəti ifşa edildi. Məlum oldu ki, "Abzas media"nın rəhbərliyi Qərbdə Azərbaycana qarşı olan dairələrin konkret tapşırıqlarını həyata keçirir və bunun qarşılığında külli miqdarda maliyyə əldə edirlər. Bu maliyyənin ölkəyə gətirilməsi isə bu və ya digər formada qanundan gizlədilir. Bu məqsədlə müxtəlif vasitələrdən istifadə edirlər.
- Pullar üçüncü ölkədə bu şəbəkəyə bağlı şəxslərin hesabına köçürülür və nəğd şəkildə Azərbaycana gətirilir. Platforma kimi əsasən Gürcüstandan istifadə edilir.
- Fiziki şəxs kimi yaradılan bank hesablarına köçürülür və diqqət çəkməmək üçün bunu kiçik məbləğlər şəkilində edirlər.
- Həvalə mexanizmindən geniş şəkildə istifadə edilir. Hansısa bank hesabına köçürülür və həmin bankda yaradılmış digər hesaba ötürülür.
Bu faktlar "Absaz media" işində detallı şəkildə ortaya çıxdı. “Toplum TV” də eyni şəbəkənin digər qanadı kimi eyni üsullarla maliyyələşdirilir. Pulların əldə edilməsi də ya bank sistemi üzərindən, ya da üçüncü ölkələrdə nağdlaşdırılaraq, qaçaqmalçılıq yolu ilə baş verir. “Toplum TV” də aparılan araşdırmaların qaçaqmalçılıq şübhəsi ilə bağlı olması da təsadüfi deyil.
Saxlanılanlar arasında Akif Qurbanovun olması bu konteksdə diqqət çəkən məqamlardandır. A.Qurbanov “Demokratik Təşəbbüslər İnstitutu”nun (DTİ) təsiscisidir. DTİ həm də 406331063 identifikasiya kodu ilə müstəqil QHT kimi Gürcüstanda qeydiyyatdan keçib. "Toplum TV"nin redaksiyası DTİ-nin ofisində yerləşir. Təkcə bu amil belə "Toplum TV"nin qaçaqmalçılıq yolu ilə maliyyə əldə etdiyini deməyə əsas verir. Belə ki, ayrılan pullar DTİ-nin Gürcüstandakı hesabına yatırılır, daha sonra qaçaq yollarla Azərbaycana daxil edilir.
"Toplum TV" "Abzas media"nin ifşasından sonra anti-Azərbaycan dairələrin təxribat planlarını həyata keçirən əsas qanad kimi fəaliyyət göstərirdi. Təsadüfi deyil ki, 7 aprel prezident seçkilərinin sabotaj edilməsi planı həm də "Toplum TV"yə həvalə edilmişdi. Bu məqsədlə redaksiyada əməkdaşlardan və kenardan cəlb edilən şəxslərdən ibarət qruplar yaradılmışdı. Lakin təxribat planları baş tutmadı.
"Toplum TV"nin də ifşa edilməsindən sonra Qərbin Azərbaycandakı şəbəkəsinə ciddi zərbə endirildi. Axtarış - əməliyyat tədbirlərinə görə, Azərbaycana edilən hücumlar, qaçaqmalçılığın ifşa edilməsi faktını süngü ilə qarşılamaları, baş verənləri "media azadlığının pozulması" kimi təqdim etmələri, hay-küy salmaları da casus şəbəkəsi kimi istifadə etdikləri şəxslərin və təşkilatların ifşa edilməsindən qaynaqlanır. Hərçənd ki, bu səs-küy heç nəyi dəyişdirməyəcək, çünki bu ölkədə qanun şahdır və hər kəs qanun qarşısında cavab verməlidir, "Toplum TV" də, qaçaq yollardan istifadə edənlər də!
Vaqif Hüseynli Demokrat.az


