Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) mobil telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib. Bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş verməsinin səbəblərindən biri də hərəkət zamanı sükan arxasında mobil telefondan istifadədir:
"Bu vəziyyətdə sürücünün diqqəti yayınır və qəza baş vermə riski əhəmiyyətli dərəcədə artır. Təəssüflər olsun ki, belə olduğu təqdirdə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur”.
Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlində saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.
Qanunvericilikdə cərimələr müəyyən olunsa da sürücülər belə hallara yol verməyə davam edirlər.
Nəqliyyat eksperti Elməddin Muradlının fikrincə cərimələrin artırılması müəyyən dərəcədə vəziyyəti dəyişə bilər.
O, Demokrat.az-a açıqlamasında deyib ki, insanlar özləri də sükan arxasında telefondan istifadənin nə dərəcədə təhlükəli olduğunu anlamalıdırlar:
“Təcrübə onu göstərir ki, cərimə sanksiyaları artırılanda müəyyən nəticə əldə etmək olur. Təhlükəsizlik kəmərinin bağlanması məsələsində də bunu gördük. Cərimələr artırılandan sonra kəmər bağlayanların sayı da artdı. Digər məsələlərdə də cərimələrin məbləği artırılsa effekti ola bilər. Skuter, moped sürənlər, eləcə də piyadalarla bağlı məsələlərə yenidən baxılmalıdır.
Elmi araşdırmalar sübut edir ki, bir neçə ildən sonra sükan arxasında mobil telefon nəticəsində qəza baş vermə halları ön sırada olacaq, nəinki sərxoş vəziyyətdə nəqliyyatı idarə etmə və ya yüksək sürət. Xüsusən də tanınmışlar cəmiyyətə mənfi nümunə olur. Müğənnilərin, blogerlərin avtomobil idarə edərkən telefon əllərindən düşmür, canlı açırlar, başları qarışır, yola baxmaq yaddan çıxır. Sonradan da bunu paylaşırlar. Düzdür, həmin görüntülər barədə dərhal araşdırma aparılır, amma nəticə yenə də ürəkaçan deyil”.
Törə Zeynallı Demokrat.az


