Gündəm Özəl

“Distant təhsil mərkəzləri qurulmalıdır”— Ekspert

“Distant təhsil mərkəzləri qurulmalıdır”— Ekspert

Dövlət və özəl ali təhsil müəssisələrinin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslərin sayı açıqlanıb. Elm və Təhsil Nazirliyinin məlumatına görə bu kateqoriyadan olan 1071 nəfər imtiyazlı təhsil alır.

Fiziki məhdudiyyətli tələbələrin bəziləri məsafədən təhsilini davam etdirir. Maraqlıdır, ölkə universitetlərində distant təhsil imkanları yetərlidirmi?

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlamasında deyib ki, bu şəxslərlə bağlı xüsusi imkanlar olmalıdır:

“Distant təhsil mərkəzləri qurulmalıdır”— Ekspert
“Təhsil müəssisəsi məsafədən təhsilə hazır olanda, bununla bağlı işlər görəndə, texniki təminatı qaydasında olanda bundan həm sağlam şəxslər, həm də fiziki məhdudiyyətli şəxslər yararlana biləcək. Düzdür, əlilliyi olan şəxslər cəmiyyətin həssas təbəqəsinə aiddirlər. Təəssüflə qeyd edirəm ki, bu gün universitetlərimiz məsafədən təhsilə hazır deyil. Bunun bariz nümunəsini pandemiya vaxtı gördük. Ali təhsil müəssisələrində distant təhsil orta təhsil pilləsində keçirilən dərslərin səviyyəsindən xeyli geri qaldı. Yalnız İqtisad Universitetinin distant təhsil mərkəzi var və məlumata görə eyni anda 10 min nəfər tələbəyə dəsr keçmək iqtidarındadır. Düzdür, bu sistem hələ yoxlanılmayıb, amma universitet rəsmilərinin bildirdiyinə görə mərkəzin xüsusi imkanları var”.

Ekspertin fikrincə, 21-ci əsrdə məsafədən təhsilə hazır olmaq şərtdir:

“Əksər universitetlərdə əlilliyi olan şəxslərin təhsil alması üçün pandusdan başqa heç bir vasitə yoxdur. Amma əlilliyi olan şəxslərin ehtiyacı bununla bitmir. Bu gün həmin şəxslərin tədrisdən geri qalmaması üçün işlər görməliyik, dünya təcrübəsindən yararlanmalıyıq. Birinci kursda oxuyan sağlam bir gənc qəza nəticəsində sağlamlığını itirə bilər, fiziki məhdudiyyətli insanan çevrilə bilər, heç kim heç nədən sığortalanmayıb. Həmin gənc öz təhsilini yarımçıq saxlamalıdır?! Fiziki məhdudiyyətli şəxslərin təhsil alması üçün imkanları genişləndirməliyik. İlk növbədə distant təhsil mərkəzlərinin qurulması məsələsinə baxılmalıdır”.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, habelə 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslər, dövlət peşə təhsili müəssisələrinə münasibətdə isə digər əlilliyi olan şəxslər ödənişli əsaslarla təhsil aldıqda onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına qarşılanır.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova