“Avropa rəsmilərinin Türkiyənin Cənubi Qafqazdakı sülhə töhfə verə biləcəyi ilə bağlı çıxışları əhəmiyyətlidir. Qərb artıq başa düşür ki, Türkiyənin iştirakı olmadan onun Cənubi Qafqaza, Yaxın Şərqə və Mərkəzi Asiyaya nüfuz etmə imkanları məhduddur”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
O qeyd edib ki, Fransanın timsalında bunun mümkünsüzlüyü aydın görünür:
“Fransa bu regionlarda yeganə oyunçu olmaq istəyir, amma fəaliyyəti uğursuzluqla nəticələnir. Fransanın Yaxın Şərq, Cənubi Qafqaz siyasəti iflasa uğrayıb, Mərkəzi Asiya siyasəti də özünü doğrultmur. Hətta Afrikada belə Fransa bütün resurslara təkbaşına sahib olmaq istədiyi üçün bütün sahələrdə ciddi itkilərlə üzləşib.
Türkiyə II Qarabağ müharibəsində Azərbaycanı dəstəklədiyinə görə Qərb dövlətləri tərəfindən sıxışdırılırdı, amma indi Qərb anlayır ki, Türkiyə olmadan regionda sülhə nail olmaq mümkün deyil. Ən azından Paşinyan hakimiyyəti Qərbin istəyinə uyğun Azərbaycanla sülh müqaviləsi bağlayarsa və gələcəkdə Rusiya ilə münasibətləri pisləşərsə, o zaman Qərbin Ermənistana yardım etmək üçün yeganə yolu Türkiyə üzərindən olacaq. Çünki Ermənistanın NATO ölkələrindən ancaq Türkiyə ilə sərhədi var”.
Ekspert bildirib ki, Türkiyə sülh prosesində aktiv şəkildə iştirak edə bilər:
“Türkiyənin Azərbaycana daha yaxın mövqe sərgiləyə biləcəyi ilə bağlı Ermənistanda müəyyən narazılıqlar ola bilər. Qərb də Türkiyəyə təzyiq edir ki, sülh hər iki dövlətin maraqlarına uyğun şəkildə imzalansın. Ona görə də düşünürəm ki, Avropa İttifaqı və Türkiyə ilə birlikdə tərəflər arasında ortaq sülh masası qurula bilər. Türkiyə və Aİ-nin birlikdə vasitəçi rolunda çıxış edə biləcəyi danışıqlar formatı mümkündür”.
Törə Zeynallı Demokrat.az


