Bakının Suraxanı rayonunda 1970-ci il təvəllüdlü Elmar ailə münaqişəsi zəminində həyat yoldaşı Könülə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 15-də baş verib. Elmar həmin gün saat 19 radələrində yaşadıqları evdə həyat yoldaşı Könülün oğlu Sərxanın evə gec saatda gəlməsinə nəzarət etmədiyini irad tutması səbəbindən aralarında yaranmış mübahisə zamanı əsəbləşib, əli ilə qəsdən onun bədəninin müxtəlif nahiyələrinə, eləcə də, belinə bir neçə dəfə zərbələr vurub.
Hadisəni törədən Elmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Könül ilə 1996-cı ildə ailə həyatı qurub, birgə nikahdan iki övladları var: “Dekabrın 15-də, saat 19.00-da yaşadığım evdə olan zaman oğlum Sərxanın evə bu saata qədər gəlməli olduğunu, lakin hələ də gəlmədiyini gördüm. Həyat yoldaşımdan nəyə görə Sərxana nəzarət etmədiyini, onun bundan öncə də evə gec gəldiyini və mənə xəbər vermədiyini soruşdum. Buna görə də aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı həyat yoldaşım övladımızın tərəfini tutaraq onun xeyrinə danışdı. Bu zaman əsəblərimə hakim ola bilmədim və qəsdən əlim ilə onun bədəninin müxtəlif nahiyələrinə və eləcə də, belinə zərbələr vuraraq onu döydüm”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elmarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


