Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən prosesdə iclasda təqsirləndirilən Azər Səricanov dindirilib.
O, Fazil Mustafanın sosial şəbəkələrdə işlətdiyi ifadələrdən xoşu gəlmədiyini və bundan qəzəbli olduğunu bildirib:
"Onun "Facebook" səhifəsini açın və hər şeyi özünüz görəcəksiniz. Mənlə birgə oturan təqsirləndirilən şəxslərin günahı yoxdu. Silah isə mənə məxsus idi".
Təqsirləndirilən Rəşad Əhmədov ifadəsi zamanı bildirib ki, təqsirləndirilən şəxslərdən təkcə Azər Səricanovu tanıyır:
"Azəri məsciddən tanıyıram. Onunla xırda biznesimiz olub, yağ satırdıq. Onun verdiyi silahı saxlamışam. Fazil Mustafaya qarşı hər hansı bir planının olması ilə bağlı məlumatım yox idi. Dostum Valehə gəldikdə isə o mənim uşaqlıq dostum olub. Suriyada döyüşüb, ordan da səhv etmirəmsə İrana keçərək yaşayır".
R.Əhmədovun sözlərinə görə silahı ona hadisədən qabaq təqsirləndirilən şəxs Azər Səricanov verib:
"Azər silahı saxlamağımı xahiş etdi. Mən də öz növbəmdə silahı Xəyyam adlı şəxsə verdim. Çünki o silahı Azərə verməli idi. Hərbiyə böyük marağım olub və daha çox arzum pilot olmaq idi. Ona görə də telefonumda bəzi yerlərin fotoların çəkib saxlayırdım. Azərin həbs olunmasını eşidib qorxdum və İrana - Qum şəhərinə getdim".
Növbəti proses martın 1-də davam edəcək.İttihama görə, Azər Səıicanov və digər təqsirləndirilən şəxslər İranın Rey şəhərində olarkən "Hüseyniyyun" qrupunun üzvləri ilə dini baxışlarına görə millət vəkili Fazil Mustafanın siyasi fəaliyyətinə son qoymaq və ondan qisas almaq məqsədilə sui-qəsd planını müzakirə ediblər. Bu məqsədlə Fazil Mustafanın fəaliyyəti ilə bağlı sosial şəbəkədə gündəlik məlumatlar toplayıblar. Daha sonra terror aktını həyata keçirmək məqsədilə 2022-ci ildə “Kalaşnikov” konstruksiyalı avtomat silah əldə ediblər.
Terror aktını həyata keçirmək üçün Rəşad Əhmədov 30 min ABŞ dollarını İrandakı dəstənin üzvlərindən qəbul edib və Qaradağdakı evinə gətirib. Plana əsasən o, həmin vəsaiti daha sonra Azər Səricanova verib.
Hadisədən əvvəl Səbuhi Şirinov Fazil Mustafanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən evi ətrafında müşahidələr aparıb. Azər Səricanov hadisədən öncə terror aktında istifadə ediləcək tapanca silahı özünə götürüb, avtomat silahı isə Səbuhi Şirinova verib.
Daha sonra Elşad Əsgərov və Səbuhi Şirinov Fazil Mustafanın evinin yanına gəlib. Orada Səbuhi Şirinov Fazil Mustafaya 7 dəfə atəş açıb.
Nəticədə Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Hadisədən sonra Azər Səricanov ona verilən 30 min ABŞ dollarını şəhərin müxtəlif istiqamətlərində dəyişib. Bu puldan 15 min manatı Səbuhi Şirinova verib.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər. Fariz Məlikli Demokrat.az


