Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Qərb Azərbaycan Ermənistan münasibətlərinin normallaşmasında maraqlı deyil. O, “İzvestiya” nəşrinə müsahibəsində qeyd edib ki, Qərb Rusiyanı bu prosesdən uzaqlaşdırmaq, onun sərhədləri yaxınlığında növbəti gərginlik ocağı yaratmaq məqsədini güdür.
Qaluzin rəsmi İrəvanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində müzakirələrə qayıtmağa çağırıb:
“Rəsmi İrəvan KTMT ilə bağlı şübhələrini nə qədər tez aradan qaldırsa, təşkilatın gündəliyində dayanan məsələlərin siyasi müstəvidə, ekspertlər səviyyəsində konstruktiv, məhsuldar və mənalı müzakirələrinə qayıtsa, bir o qədər yaxşıdır”, - diplomat vurğulayıb.
Qaluzinin fikirlərini şərh edən politoloq Tofiq Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, Qərblə Şərq arasında ciddi rəqabət var.
O, hesab edir ki, Ermənistanın siyasi rəhbərliyi qeyri-müəyyənlik nümayiş etdirirək qarşıdurmaya yeni ovqat gətirir:
“Rusiyaya maraqlı olan budur ki, Qərb bölgədə əl-ayaq açmasın. Digər tərəfdən 6-lıq formatında əməkdaşlıq konfiqurasiyası var, Ermənistan bu çərçivədə də hər yerdə olduğu kimi qeyri-konstruktiv, qeyri-sağlam mövqe nümayiş etdirir. Gürcüstanın passiv iştirakının səbəbi isə heç vaxt Rusiya ilə ulduzunun barışmamasıdır.
“Altılığ”ın əsas qayəsi regiondakı proseslərə kənar qüvvələrin təsirini istisna etməkdir. ABŞ də, Avropa İttifaqı da bu formata demək olar ki, qırmızı kart göstəriblər, guya bu, çox uğursuz bir platformadır. Əslində isə vəziyyət bunun əksini deyir. Rəsmi Bakının da tələbi bu idi ki, Qarabağ məsələsində Ermənistana qeyri-sağlam qüvvələr dəstək verməsin, onun işğalçılıq potensialını artırmasın”.

Ekspert bildirib ki, Ermənistan problemli ölkə olduğu üçün daha çox kənar qüvvələrdən asılıdır:
“Görürük ki, Ermənistan yenə də fitnə-fəsadla məşğuldur. Özünü hərraca çıxarmağa çalışır ki, guya həm Qərbə lazımdır, həm Şərqə. Sadəcə olaraq Ermənistandan istifadə etmək istəyən qüvvələr var. Bilirik ki, Rusiyanın Ermənistanda böyük hərbi bazası var, sərhədlərini qoruyur.
Düşünürəm ki, uduzan Ermənistan olacaq. Çünki o, Rusiyanın təsir dairəsindən çıxa bilməyəcək, Qərbə boş vədlər verməklə isə heç bir konkret nəticə əldə edə bilməyəcək. Çünki Rusiyanın Ermənistanda fiziki mövcudluğu hər şeyi həll edir”.
Törə Zeynallı Demokrat.az


