Azərbaycan Mərkəzi Bankında (AMB) innovativ ödəniş ekosistemi sahəsindəki vəziyyət müzakirə edilib. Qurumun sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, ötən il üzrə “fintex” ekosistemində təmsil olunan təşkilatların fəaliyyətinin nəticələri, innovativ ödəniş ekosisteminin formalaşdırılması, nağdsız ödənişin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb: "AMB-də "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə növbəti görüşümüz oldu. Görüşdə qlobal iqtisadi meyillər, xüsusən inflyasiya prosesləri, ölkədaxili makro iqtisadi vəziyyət və monetar şərait, habelə tədiyə balansı, valyuta bazarında gedən proseslərə dair təqdimat keçirildi”, - deyə o qeyd edib.
Bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında Azərbaycanda innovativ ödəniş ekosisteminin hazırkı vəziyyətini qiymətləndirib:
“İnnovativ ödəniş ekosistemində daha çox inkişaf müşahidə etsəydik, yaxşı olardı. Amma bu, yaxın illərin məsələsi deyil. Çünki Azərbaycanda ənənəvi ödəniş sistemləri də normal işləmir. Vətəndaşların ödənişlərində problem yaranır, kartlarından vəsait oğurlanır, saatlarla bankda gözləyirlər. Son vaxtlar belə hallar nədənsə artıb. Yaxşı olar ki, Mərkəzi Bank əvvəlcə nəzarətin gücləndirilməsinə diqqət yetirsin, daha sonra innovativ ödəniş ekosisteminin formalaşdırılması müzakirə oluna bilər. Problem odur ki, bankların əksəriyyətinin kadr potensialı, həmçinin təhlükəsizlik sistemi zəifdir. Ödəniş sistemlərində bank kartlarından məbləğlərin itməsinin səbəbi də buna bağlıdır. Təhlükəsizlik sistemi normal işləmir. Onu da qeyd edim ki, ölkədə internet zəifdir. İnternetin zəif olduğu ölkələrdə hansısa sahələrdə innovasiya gözləmək yəqin ki, hələ tezdir”.
Törə Zeynallı Demokrat.az


