Kriminal Özəl

“Avtomobildə arvadımın oğlan ilə səmimi söhbət etdiyini gördüm”

“Avtomobildə arvadımın oğlan ilə səmimi söhbət etdiyini gördüm”

Bakının Nizami rayonunda 1983-cü il təvəllüdlü Rüstəm ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 28 avqust 2023-cü ildə baş verib. Rüstəm yaşadığı mənzilində qarşısında olan küçədəki arakəsmədə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Səbinə ilə aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı yumruq zərbələri ilə onun sifət nahiyəsindən qəsdən zərbələr vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Rüstəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüstəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Səbinə ilə 2021-ci ilin oktyabr ayında tanış olub və birlikdə qeyri-rəsmi olaraq yaşamağa başlayıblar: “Qeyri-rəsmi nikahımızdan 1 azyaşlı qızımız var. Səbinə ilə birlikdə yaşamağa başladığımız ilk mərhələdə hər şey qaydasında olsa da, son vaxtlar ailə daxilində mübahisələrimiz olub. Buna görə də Səbinə arada bir anasının yaşadığı evə gedərək orada qalıb. Ara sakitləşdikdən sonra yenidən geri birgə yaşadığımız evə qayıdıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, son 3 ayda Səbinədən şübhələnməyə başlayıb: “Çünki Səbinənin tanımadığım rəfiqəsi ilə tez-tez əlaqə saxlamasını, evdə olmadığım müddətdə məndən xəbərsiz görüşməsini hiss etdim. Bununla bağlı sakit formada onu dəfələrlə başa salmağa çalışdım ki, həmin rəfiqəsilə münasibətlərini kəssin. Ancaq Səbinə bununla bağlı evdə mənimlə mübahisə edirdi. Onun anasına bu vəziyyətlə bağlı öz iradlarımı bildirsəm də, heç bir nəticəsi olmadı. Səbinənin ağıllanması üçün düşündüm ki, anasının yanında qalsa bəlkə səhvini anlayar. Buna görə də Səbinəni anasının yanına göndərdim. Anasının yanına gedəndən sonra Səbinənin məni aldatmağa dəfələrlə cəhd etməsini eşitdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 13.30-da Səbinə ilə görüşmək üçün onun yaşadığı ünvanın yaxınlığına gedib: “Həmin vaxt Səbinənin evinin yanında avtomobildə bir oğlan ilə səmimi söhbət etdiyini və avtomobildən düşdüyünü gördüm. Həmin avtomobil dərhal oradan uzaqlaşdı. Mən əmin oldum ki, həmin şəxs taksi sürücüsü və ya Səbinənin qohumu deyil. Bu vaxt saat 13.35-də Səbinənin anasının evinin yaxınlığında dar arakəsmədə olarkən Səbinəni gördüm.Dərhal ona doğru yaxınlaşdım. Həmin vaxt orada ancaq ikimiz olmuşuq. Səbinədən həmin adamın kim olduğunu soruşdum. İlk öncə həyəcanlandı, daha sonra isə "yaxşı eləyirəm, kimlə istəyirəm danışaram, lap o tərəfə də keçərəm" ifadələrini işlətdi. Mən də əsəbiləşdim. Səbinəyə ailəmizi dağıtmamağı, 1 yaşlı qız övladımızın olduğunu deyəndə mənə qarşı nalayiq ifadələr işlətdi. Mən də əsəblərimi cilovlaya bilməyərək qəsdən onun sifət nahiyəsinə yumruq zərbəsi ilə vurdum və başqa heç nə etməmək üçün dərhal oradan uzaqlaşdım ki, sakitləşim, daha ağır hadisə baş verməsin. Növbəti gün işdə olan zaman öyrəndim ki, Səbinə barəmdə 21-ci Polis Bölməsinə şikayət ərizəsi yazıb”.

İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, əri Rüstəmlə evliliklərinin ilk əvvəlində hər şey qaydasında olsa da, son vaxtlar ailə daxilində mübahisələri olub: “Buna görə də ailə daxilində dava-dalaş olmasın deyə anamın yaşadığı evə getdim. Ara sakitləşdikdən sonra birgə yaşadığımız evə qayıtdım. Sonuncu dəfə isə Rüstəmin taksi sürücüsü kimi işlədiyini bilsəm də, evə daha gec gəlməsi səbəbindən başqa qadınla məni aldatmasından şübhələndim. Bundan başqa, Rüstəm evə pul gətirmədi. Uşağa belə baxmadığından aramızda şifahi mübahisə yarandı. Bu vaxt Rüstəm az yaşlı uşağım ilə birgə məni qapının çölünə çıxardı, əşyalarımı da çölə atdı, məni evdən qovdu. Məcbur qaldığım üçün anamın yanına getdim”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra Rüstəm bir neçə dəfə anası ilə birgə yaşadığı evə gəlib, uşağı görüb, bəzən şifahi mübahisə yaradaraq gedib: “Ailə bağıma görə Rüstəmdən heç vaxt şikayət etməmişəm. Hadisə günü, saat 13.35-də anamın yaşadığı evin yaxınlığında arakəsmədə olarkən Rüstəm mənə yaxınlaşdı. Həmin vaxt orada ancaq ikimiz olmuşuq. Rüstəm mənimlə qısqanclıq zəmnində mübahisə edərək, suallar verdi, mən də cavabımı verəndə Rüstəm anidən əsəbiləşərək ard-arda 2 dəfə sifətimə yumruq zərbəsi endirdi. Həmin vaxt anidən burnumdan qan gəldi və özümü pis hiss etdim. Rüstəm isə məni tək qoyaraq getdi”.

Səbinənin ifadəsinə görə, yenə də döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə həmin an Rüstəmdən şikayət etməyib: “Evə gələrək çalışdım ki, özümə gəlim. Lakin ağrılarımın artdığını, burnum ilə rahat nəfəs ala bilmədiyimi, sağ gözümün ətrafının şişib qançırlaşdığını gördüm. Buna görə də xəstəxanaya getdim. Orada həkimlər müayinə etdikləri zaman burnumda sınıq olduğunu dedilər. Səbəbini soruşduqda baş verənləri onlara izah etdim. Həkimlər də bu barədə polisə məlumat verəcəklərini dedilər. Polis bölməsindən mənə zəng gəldikdən sonra Rüstəmdən şikayət etmək qərarına gəldim. Buna görə də 21-ci Polis Bölməsinə şikayət etdim”.

Bu cinayət işinə Nəsimi Rayon Məhkməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüstəm 1400 manat cərimə olunub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova