Xarici siyasət

"BQXK-nın Xankəndidə qalmaqda məqsədi nədir, insanları öz dövlətindən qorumaq?"

BQXK-nın Xankəndidə qalmaqda məqsədi nədir, insanları öz dövlətindən qorumaq?

“1949-cu il Cenevrə Konvensiyaları, onun 1977-ci il Protokolları və 2005-ci il Əlavə Protokollarına əsasən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsas hədəfi silahlı münaqişələrin qurbanlarını qorumaqdır. Azərbaycan və Ermənistan arasında münaqişə başa çatdığı, işğala və təcavüzə son qoyulduğu və hər hansı humanitar problem yaşanmadığı üçün BQXK-nın regionda fəaliyyətinə yenidən baxılması artıq zərurətə çevrilib. Xüsusən dinc gündəlik həyatını yaşayan Xankəndidə bu təşkilatın missiyasına hər hansı formada ehtiyac duyulmur. Bu gün Xankəndidə yaşayan əhali Azərbaycanın vətəndaşlarıdır və orada Azərbaycanın bütün lazımi strukturları və aidiyyəti infrastruktur tam təmin olunub. Belə olan halda, BQXK-nın Xankəndidə qalmaqda məqsədi nədir, insanları öz dövlətindən qorumaq? Bu, qəbuledilməzdir...”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, xüsusən BQXK-nın ötən dövrdəki təxribatçı fəaliyyət tarixi təşkilatın Xankəndi şəhərində xoş niyyətlə qalmadığı barədə əsaslı mülahizələr yürütməyə imkan verir: “Bildiyiniz kimi, Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərən BQXK-nın nə münaqişə dövründə, nə də post-müharibə reallığında effektiv fəaliyyətinə şahid olub. Əksinə, təşkilatın ötən dövr ərzində kəşfiyyat xarakterli məlumatların Ermənistana ötürülməsindən “humanitar missiya” adı altında quldur dəstələrinə dəstək verilməsinə, Fransanın təxribatçı planlarının icrası mexanizminə çevrilməsinə qədər mandatına uyğun gəlməyən uyğunsuz fəaliyyəti barədə çoxsaylı faktlar mövcuddur. Hətta ötən il Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət tədbirləri çərçivəsində Laçın sərhəd-buraxılış məntəqəsində Qırmızı Xaçın qaçaqmalçılıq fəaliyyəti, eləcə də beynəlxalq axtarışda olan hərbi canilərin məsuliyyətdən yayındırılması işini təşkil etməsi kimi qanunsuz fəaliyyətləri ifşa edildi. Habelə təşkilat Azərbaycana qarşı ötən il geniş vüsət alan və sonda fiaskoya uğrayan “humanitar fəlakət” şousunun mühüm iştirakçılarından biri kimi çıxış etməklə, açıq təxribat və düşmənçilik fəaliyyəti ortaya qoymaqla göstərdi ki, bölgədə yekun sülhə nail olunmasında maraqlı deyil. Baxmayaraq ki təşkilat beynəlxalq humanitar hüquqla fəaliyyətə başladığı bütün bölgələrdə “bitərəflik”, “qərəzsizlik”, “vahidlik” kimi fundamental prinsipləri rəhbər tutmağa borclu idi. Üstəlik, nəzərə alsaq ki, beynəlxalq humanitar hüququn mühüm mənbələrindən olan 1997-ci il Seviliya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı rolun milli cəmiyyətlərə verilməsi qərara alınıb. 21 avqust 2023-cü il tarixli Bəyanatı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti də müvafiq missiyanın həyata keçirilməsi üçün milli cəmiyyət olaraq bu missiyanın öhdəsindən gələ biləcəyini bəyan edib. Digər tərəfdən, BQXK-nın Xankəndidə yerləşən missiyası uzun müddət ərzində təşkilatın İrəvan ofisinə tabe olmaqla Azərbaycanın suverenliyinə açıq hörmətsizlik edib. Yəni BQXK-nın regionda indiki formada mövcudluğu, xüsusən Xankəndidəki "fəaliyyəti" artıq faydadan çox zərər verir. BQXK rəsmiləri unutmamalıdır, təşkilat Azərbaycanla imzaladığı 1996-cı il sazişinin 9-cu maddəsinin 13-cü bəndi ilə borcludur ki, "Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etsin". Bu mənada, aidiyyəti istiqamətdə qəti addımların atılması və təşkilatın beynəlxalq hüquqa hörmətsizliyinə son qoyması zərurətdir. Əks halda, biz 1996-cı il ikitərəfli sazişin 12-ci maddəsində də qeyd edildiyi kimi, təşkilatın Xankəndi ofisinə münasibətdə 1961-ci il Vyana müqaviləsinin 9-cu bəndi ilə nəzərdə tutulan məcburetmə tədbirlərinə müraciət etməliyik”.

D
demokrat.az