Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün “Məktəbli könüllü” proqramı həyata keçirilir.
Elm və Təhsil Nazirliyindən verilən məlumatda bildirilib ki, ölkədə ilk dəfə keçirilən proqramın məqsədi şagirdlər arasında sosial inkişafa dəstək olmaq, komandada işləmək bacarığını formalaşdırmaq, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətləri gücləndirmək, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyət və vətənpərvərlik keyfiyyətləri ilə örnək təşkil edən gənc nəslin yetişməsinə dəstək olmaqdır.
Təhsil eksperti Elçin Muradın fikrincə, proqram doğru şəkildə icra edilsə, prosesə peşəkarlar cəlb olunsa, müsbət nəticələr görmək olar.
Ekspert bu sistem vasitəsilə şagirdlər arasında nizam-intizam məsələsinin qaydasına düşəcəyini düşünür.
E.Murad Demokrat.az-a açıqlamasında deyib ki, nizam-intizam tədris prosesində vacib məqamdır, bunsuz nəticə əldə etmək olmur:
“Daha öncə “Məktəblinin dostu” layihəsi həyata keçirildi. Gənclərdən ibarət komanda məktəblərdə bu layihənin icrasına qoşuldu, lakin bunun öhdəsindən lazımınca gələ bilmədi. Əksinə, həmin gənclərin məktəbin 9-11-ci sinif şagirdləri ilə mübahisələrinin, davalarının şahidi olduq, onlar haqqında xoşagəlməz ifadələr səsləndi. “Məktəblinin dostu” ikinci planda qaldı. Ümid edirəm ki, “Məktəbli könüllü” proqramı çərçivəsində bu cür neqativ hallar təkrarlanmaz. Əgər proqramın həyata keçirilməsinə Elm və Təhsil Nazirliyi daimi nəzarət etsə, gözəl nəticələr əldə oluna bilər.
Məktəblərdə bu cür proqramlar həyata keçirilməlidir. Bunun əsasında psixologiya və pedaqogika dayanır. Məktəblərdə bir dərsin müddəti 45 dəqiqədir. Məhdud vaxt ərzində müəllimin şagirdlərlə psixoloji yöndə iş aparmasına zaman qalmır. Ona görə də məktəblərdə bu istiqamətdə əlavə fəaliyyətlərin olmasına ehtiyac var”.
Qeyd edək ki, ilkin mərhələdə Bakı, Xırdalan və Sumqayıt məktəblərini əhatə edən layihəyə bu günədək 780 müraciət daxil olub. Onlardan 482 nəfəri Bakı və Sumqayıtda, 298-i isə digər bölgələrdə təhsil alan məktəblilərdir. Müsahibə mərhələsinə 460 nəfər dəvət olunub, onlardan 213-ü proqrama üzv seçilib.
Proqrama seçim prosesi hazırda davam edir. Proqrama üzv olmaq istəyən şagirdlər 29 fevral tarixinədək qeydiyyat formasını (https://forms.gle/jY4cK2UxqNBQ7UgU7) tamamlamalıdırlar. Proqramın tərəfdaşı olmaq istəyən ümumi təhsil müəssisələri isə mekteblikonullu@konullu.edu.az elektron poçt ünvanı vasitəsilə müraciət ünvanlaya bilər.
Törə Zeynallı Demokrat.az


