Şəmkir rayonunda 1959-cu il təvəllüdlü Adil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Elnarəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 18-də Şəmkir şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən “Yamin” adlı şadlıq sarayının arxa tərəfində baş verib. Adil orada arvadı Elnarə ilə aralarında baş vermiş mübahisə zamanı yumruqla bir neçə dəfə onun sifətinə vuraraq, ona xəsarətlər yetirib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, noyabrın 18-də yaşadığı evdə olan zaman arvadı Elnarə ona iş yoldaşının toyuna getmək istədiyini bildirib: “Mən isə xəstə olduğumu, toydan bir az tez gəlməsini dedim. Elnarə azyaşlı uşağı qonşuya qoyub getdi. Təxminən bir saat sonra qonşu uşağı yaşadığım evə gətirdi və ağladığı üçün baxa bilmədiyini bildirdi. Saat 21 radələrində Elnarə zəng edərək gec gələcəyini dedi. Mən isə xəstə olduğumu, uşağa baxa bilmədiyimi, evə tez gəlməsini dedim. Elnarə mənimlə əlaqəni kəsdi. Saat 23.35-də şadlıq sarayının arxa tərəfinə getdim. Bir nəfər şəxsdən Elnarəni çağırmasını xahiş etdim. Həmin şəxs mənə Elnarəni tanımadığını bildirdi. Mən orada gözləyən zaman təsadüfən Elnarənin gəldiyini gördüm. Elnarəyə yaxınlaşıb evə gəlməsini dedim. Onun sərxoş olduğunu gördüm və avtomobilə minməsini bildirdim. Elnarə isə mənimlə getmək istəmədiyi üçün aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək əlim ilə bir neçə dəfə Elnarənin sifətinə vurdum”.
İş üzrə zərərçəkmiş Elnarənin sözlərinə görə, noyabrın 18-də Şəmkir şəhərində yerləşən “Yamin” şadlıq sarayına toya gedib: “Saat 22 radələrində Adilə zəng etdim və gecikəcəyimi bildirdim. Saat 22.45-də Adil şadlıq sarayının arxa tərəfinə gəldi və məni yanına çağırdı. Adil gec gəlməyimə görə mənimlə mübahisə etdi. Mübahisə zamanı yumruqla bir neçə dəfə sifətimə, başıma, sinəmə vurdu. Mən irad bildirən zaman Adil məni idarə etdiyi avtomobilə mindirdi və evə gətirdi. Evdə də Adil mənimlə mübahisə etməyə davam etdi. Pəncərənin şüşəsini sındırdım və oradan qaçmaq istədim. Bu vaxt ehtiyatsızlıqdan sınmış şüşə sol qolumu kəsdi”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Adilin
barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


