Erməni hökuməti 2018-ci ildən hər il verdiyi hesabatlarda iqtisadi artım, işsizlik və yoxsulluqla mübarizədə ciddi irəliləyişlər barədə ağızdolusu danışır. Regionların, sərhədyanı kənd və qəsəbələrin inkişafına aid hazırlanan planlar isə kağız üzərində qalmaqdan başqa bir işə yaramır. Hətta iş o yerə çatıb ki, erməni müxalifəti hakimiyyəti bu layihələrə boş-boş kağız işlətməkdə ittiham edir, nəticədə ölkədə kağızın qiymətinin bahalaşması barədə sarkazmlar səsləndirir. Təbii ki, səsləndirilən ittihamlar boşuna deyil. Məsələn, ötən ilin hesabatlarında hakimiyyət orqanları dünya miqyasında irəliləyiş əldə etdiyini elan edib. Əslində Ermənistan iqtisadiyyatının artımları əsasən yalan, hiylə və manipulyasiyalara əsaslanır. Sözügedən rəqəmlər və statistik göstəricilər real iqtisadi artım deyil, bir çox hallarda maxinasiya yolu ilə əldə edilir. 2023-cü ili iqtisadi uğurla başa vuran erməni iqtisadiyyatı cari ildən ikirəqəmli iqtisadi artım gözlədiyini bəyan edib.
Real mənzərə isə odur ki, ordan-burdan mal gətirib erməni brendi adı altında ixrac etməklə statistik rəqəmlər yüksəldilir. Bu tendensiya isə Ermənistan iqtisadiyyatındakı mövcud, yəni biabırçı vəziyyəti heç də yaxşılaşdırmır.
Məsələn, ötən ilin hesabatlarına nəzər saldıqda, bir neçə aylıq ardıcıl tənəzzüldən sonra noyabr ayında sənayenin emal sahəsində kəskim artım müşahidə olunduğu bildirilir. Sadə xalq bu artımdan sevinsə də, iqtisadçılar kədərlə başlarını bulamaqla köks ötürdülər.
Rəqəmlərə görə, 2023-cü ilin noyabr ayında emal sənayesində istehsal həcmləri 33 faiz artıb. Bu artım isə zərgərlik məmulatlarında qeydə alınıb. Rəqəmlər ötən ilki rəqəmlərlə müqayisədə 13.7 faiz çoxdur. Iqtisadiyyatdan az-çox anlayışı olan bilir ki, belə bir möcüzə sadəcə Ermənistan iqtisadiyyatında yaşana bilər. Çünki rəqəmlərə əsasən, təkcə noyabr ayında ilin digər ayları ilə müqayisədə daha çox məhsul istehsal edilib. Sözügedən müddət ərzində 82.3 milyard dramlıq, yəni 209.463.459 dollarlıq zərgərlik məhsulu istehsal edilib.
İroniya ondadır ki, əvvəlki 10 ay ərzində cəmi 66.3 milyard, yəni 168.741.523 dollarlıq məhsul istehsal edilib. Rəqəmlər göstərir ki, təkcə noyabr ayında ilin digər ayları ilə müqayisədə 16 milyarddan çox zərgərlik məhsulu istehsal edilib ki, bu da 2022-ci ildə ilboyu istehsal ilə müqayisədə 2 dəfə çoxdur. Maraqlıdır ki, oktyabr ayında cəmi 16.1 milyard dramlıq zərgərlik məmulatının istehsalı barədə rəqəmlər var.
Aydındır ki, qeydə alınan artım süni artımdır. Üstəlik, sözügedən dövrdə istehsalın daxili imkanlara və işsizliyə təsiri barədə bir cümlə də yoxdur. Erməni siyasi elitası iqtisadiyyatda,xüsusən də sənayedə artım göstərmək üçün belə bir üsula baş vurublar. Məlumdur ki, qısa müddət ərzində istehsal həcmlərində belə böyük dəyişiklikləri təmin etmək qeyri-mümkündür.
Təbii ki, erməni iqtisadiyyatından məsul şəxslər bu məhsulları Ermənistana xaricdən gətirir, sonradan yerli müəssisələrdə istehsal olunduğunu göstərərək, hazır məhsul kimi başqa ölkələrə ixrac ediblər. Təbii ki, bu məsələdən hakimiyyətin yuxarı təbəqələri də məlumatlıdırlar. Əks halda, heç kəs riskə gedərək bu addımı ata bilməzdi.
İndi isə digər rəqəmlərə baxaq. Əgər iddia edilən kimi,belə bir ciddi artım varsa, təbii ki, iş yerləri və vergi ödənişi də artmalıdır. Amma ortaya çıxan odur ki, noyabr ayında digər aylarla müqayisədə emal sənayesində iş yerləri nəinki artıb, hətta bir neçə yüz nəfərlik iş yeri də bağlanıb. Görünən odur ki, zərgərlik sənayesində baş verən “möcüzə” növbəti aylarda davam edəcək, sənaye tənəzzüldən çıxaraq yüksək artım sahəsinə daxil olacaq.
Bu cür hiyləgər addımlarla Paşinyan komandası kağız üzərində iqtisadi artım qeydə ala bilər. Uzaqbaşı Qərbdəki ağalarının gözünə kül üfürərək, iqtisadiyyatı canlandırdığını iddia edə bilər. Amma real mənzərə erməni iqtisadiyyatının günü-gündən pisləşməsindən xəbər verir. Eyni zamanda cəmiyyətin əsas hissəsinin sosial vəziyyəti daha da pisləşir və pisləşməkdə davam edir.
Yuxarıda göstərilən misal statistik rəqəmlərin müqayisəsi zamanı əldə edilib. Belə misallar və nümunələr kifayət qədər çoxdur. Şübhəsiz ki, Paşinyan hakimiyyətinin bu “uğurlu təcrübəsi”nin yaxın gələcəkdə iqtisadiyyatın digər sahələrində də parlaq nümunələrinin şahidi olacağıq.
Kamil Məmmədov Demokrat.az


