Kriminal Özəl

Şiddət göstərən kişi məhkəmədə arvadından üzr istədi: “Peşmanam”

Şiddət göstərən kişi məhkəmədə arvadından üzr istədi: “Peşmanam”

Mingəşevir şəhərində 1987-ci il təvəllüdlü Mehman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Ləmana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mehman yaşadığı evin qonaq otağında arvadı Ləmanın məhkəməyə boşanma üçün verdiyi ərizəsini geri götürməkdən imtina etdiyinə görə ona irad bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Mehman bir dəfə nəlbəki ilə Ləmanın alın nahiyəsinə vuraraq, ona xəsarətlər yetirib.

Hadisəni törədən Mehmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Ləman ilə 2012-ci ildə ailə evlənib, birgə nikahlarından 2 uşaqları doğulub: “Ailə quranda normal münasibətlərimiz olsa da, son 6 ay ərzində ailədaxili qısqanclıq zəminində bir neçə dəfə mübahisələrimiz olub. Bu səbəbdən də 2023-cü ilin avqust ayının ortalarında arvadım məndən boşanmaq üçün Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdi. Həmin vaxtdan sonra mübahisələrimiz daha da artdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə, hadisə günü, saat 2 radələrində evə gələndə arvadı Ləman ona çay gətirib: “Bir qədər keçəndən sonra arvadımdan məhkəmənin icraatında olan boşanma ərizəsini geri götürməsini xahiş və tələb etdim. Lakin Ləman boşanmaqda qərarlı olduğunu dediyinə görə əsəbiləşdim. Stolun üzərindəki stəkanı götürərək ona atdım. Nəlbəkinin dəymədiyini gördükdən sonra təkrar ataraq onunb alnına vurdum. Sonra isə tibbi yardım etmək üçün qonşuluqda yaşayan Səmayə adlı qadını çağırdım. Səmayə isə gəlib Ləmana yardım etdi. Sonra hər ikimiz sakitləşdik. Hadisədən sonra Ləman ilə barışmışam. Hazırda əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, Mehman ilə ailə qurandan sonra normal münasibətləri olsa da, son 6 ay ərzində ailədaxili qısqanclıq zəminində bir neçə dəfə aralarında mübahisələri olub: “Bu səbəbdən də 2023-cü ilin avqust ayının ortalarında ərimdən boşanmaq üçün Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdim. Həmin vaxtdan sonra mübahisələrimiz daha da artdı. Sonuncu dəfə Mehman evə gəldiyi vaxt ona çay gətirdim. Bir qədər müddət keçəndən sonra Mehman məndən boşanma ərizəmin məhkəmədən geri götürməyimi tələb etdi. Mən isə ərizəmi geri götürməyəcəyimi dedim. Bundan sonra Mehman stolun üzərində olan stəkanı mənə atdı. Ancaq stəkan mənə dəymədi. Mehman stəkanın mənə dəymədiyini gördükdən sonra təkrar stolun üzərindəki nəlbəkini götürərək mənə atdı. Nələbəki alın nahiyəmə dəydi. Ona görə də xəsarət aldım. Mənim xəsarət aldığımı gördükdən sonra Mehman tibbi yardım etmək üçün qonşuluqda yaşayan Səmayə adlı qadını çağırdı. Səmayə isə gəlib mənə ilkin tibbi yardım etdi. Bundan sonra Mehman evdən getdi”.

Zərərçəkmiş deyib ki, işə məhkəmədə baxılan vaxt Mehman ondan üzr istəyib: “Buna görə də Mehmanı bağışlayaraq onunla barışmışam. Hazırda ondan heç bir şikayətim və tələbim yoxdur. Odur ki, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edirəm”.

Bu cinayət işinə Mingəçevir Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Mehmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova