Xarici siyasət Özəl

“Tbilisi sülh danışıqları üçün uğurlu platforma ola bilər” — Politoloq

“Tbilisi sülh danışıqları üçün uğurlu platforma ola bilər” — Politoloq

Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri politoloq Levan Mamaladze deyib ki, Azərbaycanın təqdim etdiyi sülh sazişi layihəsi və onun imzalanması ilə Ermənistanla münasibətlərin normallaşması üçüncü tərəflərin vəziyyətdən istifadə etmək imkanlarını aradan qaldıracaq. O, “Report”a verdiyi açıqlamada qeyd edib ki, bəzi dövlətlər regiona təsir etmək üçün “münaqişə ocaqlar”ı yaratmağa çalışır. Gürcü siyasi şərhçi onu da bildirib ki, Gürcüstan tərəflər arasında sülhün imzalanması üçün uğurlu platforma ola bilər: “Prosesin ləngiməsi isə onu göstərir ki, Ermənistan tərəfi Fransaya və digər Qərb dövlətlərinə qulaq asır. Biz də dəfələrlə təklif etmişik və indi də təklif edirik ki, danışıqların aparılması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün Gürcüstan platformasından istifadə edilsin”.

Gürcü politoloqun fikirlərinə münasibət bildirən Əhəd Məmmədlinin sözlərinə görə, son bir əsrdə Tbilisi Cənubi Qafqazın siyasi, Bakı isə iqtisadi mərkəzi sayılıb.

Siyasi şərhçi Demokrat.az-a açıqlamasında xatırladıb ki, Gürcüstan hər zaman Azərbaycanla Ermənistan arasında gedən proseslərdə neytrallığını qoruyub:

“İndi də rəsmi Tbilisi sülh paytaxtı olaraq öz imicini növbəti mərhələdə ortaya qoymaq istəyir. Bununla siyasi arenada mövqeyini möhkəmlətməyi hədəfləyir. Gürcüstan sülh danışıqları üçün uğurlu platforma ola bilər. Onun Azərbaycan və Ermənistana hər hansı təsir və ya təzyiqi yoxdur. Bu mənada ən maraqlı tərəf bəlkə də Gürcüstanın özüdür. Amma Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansa, yeni iqtisadi layihələr Gürcüstan deyil, artıq Ermənistan vasitəsilə həyata keçirilə bilər. Belə olan halda Gürcüstan iqtisadi baxımdan cəlbediciliyini itirəcək, əslində sülhün əldə olunması ona sərf etmir. Amma proseslər sülh istiqamətində irəliləsə, Gürcüstan yönləndirici nöqtə ola bilər. Buna cəhd etdiyini görürük”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova