Daxili siyasət

“Bu torpaqların da azad edilməsi ilə Qarabağ zəfərini taclandırmış olarıq” — İbrahim Nəbioğlu

“Bu torpaqların da azad edilməsi ilə Qarabağ zəfərini taclandırmış olarıq” — İbrahim Nəbioğlu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində hələ də işğal altında qalan Qazaxın 7 kəndi (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, və Xeyrimli) və Naxçıvanın Kərki kəndinin taleyi barədə danışıb.

Bakıvaxtı.az xatırladır ki, ölkə başçısı hazırda işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib: “Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”.

Məlumat üçün bildirək ki, dünən “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan mətbuata açıqlamasında vurğulayıb ki, ermənilər Qazaxın 7 kəndini tərk edir və oradan miqrasiya sürəti artıb. Şübhəsiz ki, sözügedən kəndlərinin azad edilməsi məsələsi gündəmə gəldiyi andan onun ətrafında müxtəlif fikirlər irəli sürülür. Kimi həmin torpaqların dinc yolla azad ediləcəyini bildirir, kimi də növbəti bir günlük anti-terror əməliyyatlarını istisna etməyib, yenidən “silahların danışacağını” iddia edir.

Bakıvaxtı.az gəlişmələrlə bağlı daha aydın təsəvvür yaratmaq məqsədilə tanınmış jurnalist, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu, əslən Qazaxdan olan İbrahim Nəbioğlu ilə əlaqə saxlayıb.

Onun saytımıza dediyinə görə, 44 günlük Vətən müharibəsi başayanda həm sosial mediada, həm də Türkiyə televiziya kanallarında Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin azad edilməli olduğunu mütəmadi olaraq gündəmə gətirib:

“Bu məsələni daim ictimailəşdirirdim. Məqsəd həmin ərazilərə diqqət çəkmək idi. O nöqteyi-nəzərdən yox ki, bu torpaqlar unudulurdu. Məsələ gündəmdə qalsın deyə bunu edirdim. Çıxışlarımı izləyənlər, yazılarımı oxuyanlar da müşahidə edirdilər ki, bu işdə düşünülmüş bir siyasət var idi. Təbii, başda dövlət başçısı olmaqla, Azərbaycan dövləti, Xarici İşlər Nazirliyi adıçəkilən ərazilərin işğaldan azad edilməsini bir planın tərkib hissəsi olaraq görürlər. Sadəcə olaraq, məsələni məğlub erməni xalqını ağır depressiyaya salmamaq, onlarda panika və qıcıq yaratmamaq və baş verə biləcək arzuolunmaz təxribatların qarşısını almaq üçün müvafiq zamanı gözləmək lazım idi. Düşünürəm ki, o zaman artıq yetişib. Zaman yetişməsə idi, ölkə başçısı Azərbaycan televiziya kanallarında bu məsələləri açıq şəkildə dilə gətirməzdi. Ümumən Qarabağ məsələsində olduğu kimi, 8 kəndin azad edilməsinin indiki məqamda aktuallaşdırılması doğru addımdır. 2024-cü ildə bu diplomatik səylərin də nəticəsini görəcəyik, buna əminəm. Nəhayətdə böyük sülh müqaviləsində 8 kənd məsələsi də həllini tapmış olacaq”.

İ.Nəbioğlunun sözlərinə görə, İkinci Qarabağ savaşından, Qarabağın azadlığından sonra ara-sıra belə bir rəy formalaşırdı ki, əsas Qarabağ idi, o da azad edildi, Qazağın 7 kəndi, Naxçıvanın Kərki kəndi unuduldu. Amma bu əsla belə deyildi. Onun sözlərinə görə, Azərbaycan dövləti o vaxt bu məsələni müzakirə masalarına yatırmamaqla zaman qazanırdı. Bu ərəfədə də dövlət özünün xarici siyasətini addım- addım, inamla hədəfə doğru yönləndirdi:

“Bu da çox doğru və praqmatik yanaşma idi. Prezidentin Azərbaycan televiziya kanallarına verdiyi son müsahibəsində bu strategiya və düşüncənin doğru olduğu isbatlandı”.

Erməni deputatın “Ermənilər Qazaxın 7 kəndini tərk edir və oradan miqrasiya sürəti artıb” açıqlamasına diqqət çəkən həmsöhbətimiz vurğulayıb ki, ermənilərin kəndlərimizdən qaçmaları indinin məsələsi deyil:

“Bu proses İkinci Qarabağ savaşı balayanda start götürmüşdü. O vaxtlar Qazaxdakı qohumlar, dost-tanışlar və yaxınların vasitəsilə məlumatlar əldə edirdik ki, Qazağın işğal altındakı kəndlərində hərəkətlənmələr müşahidə olunur. Bilirsiniz ki, həmin ərazilərdə bir kənddən digər kəndə getmək üçün Ermənistan ərazisdən keçməli olursan. İkinci Qarabağ savaşı dönəmində müzəffər Azərbaycan ordusu oranı bircə həmlə ilə boşalda, azad edə bilərdi. Amma yenə də gözlədik ki, bu da çox düzgün strategiya idi. Biz məsələni zamanla həll etməli idik”.

“8 kəndimiz dinc yolla azad ediləcək, yoxsa yenə də anti-terror əməliyyatlarına ehtiyac duyulacaq” sualına gəlincə müsahibimiz söyləyib ki, indi xalq arasında belə bir düşüncə var ki, görəsən bu əraziləri də azad etmək üçün hərbi əməliyyatlara baş vurmağa məcbur qalacağıq? Görəsən, burada da digər anti-terror əməliyytaları kimi qan tökülə bilər? Belə suallar yaranır, amma düşünürəm ki, bu addımlara ehtiyac qalmayacaq:

“Amma onu da fikirləşirəm ki, başda Ermənistanın baş naziri Nikol Paşinyan olmaqla, Ermənistan hökuməti və dövləti erməni xalqı qarşısında öz simalarını qorumaq üçün belə bir addım atarlar - Azərbaycan ordusu kiçik qüvvələrlə həmin ərazilərə girsin, qarşı tərəf də qarşılıq vermədən torpaqlardan çıxdığını etiraf etsin. Kəndlərimiz azad olur, son nöqtə isə müzakirə masasında qoyulur. Bu, mənim subyektiv düşüncəmdir. Əslində ən realı elə hərbi hərəkətlənmə olmadan düyünü çözməkdir. 2024-cü ildən çox şey gözləyirik. İnanıram ki, bu məsələlər bu il həll olunacaq.”.

Böyük sülh müqaviləsinin mahiyyətinə toxunan tanınmış yazar bildirib ki, bu müqavilə əsnasında Azərbaycan torpaqlarını qeyd-şərtsiz, əvvəlki sərhədlərinə qaytarmalı və Ermənistan da bizim sərhədləri tanımalıdır:

“Ən önəmli məsələ odur ki, həmin 8 kəndin azadlığı da müqavilədə öz əksini tapacaq”.

Hələ Sovet İttifaqı dönəmində Qazax rayon Kəmərli kəndindəki torpaqların, böyük əkin sahələrinin ermənilər tərəfindən zəbt olunmasına diqqət çəkən İ.Nəbioğlu bəyan edib:

“Tez-tez soruşurlar ki, hələ Sovet ittifaqı dönəmində Qazax rayonunun “İncə dərəsi”ndə Kəmərli kəndinin ərazisi hesab olunan o cənnət torpaqların taleyi necə olacaq? Məlumat üçün deyim ki, 1984-cü ildə Ermənistan rəhbərliyi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndinin 1675 ha torpaq sahəsinə iddia irəli sürüb. Bu ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə Qazax rayonunun Kəmərli kəndi arasında yerləşir. Kəmərli əhalisi erməni iddialarını dayandırmaq üçün rayon rəhbərliy və Azərbaycan hökumətinə dəfələrlə müraciət etsə də, bir nəticə hasil olmayıb. Hətta Sov.İKP Mərkəzi Komitəsinə müraciətlər belə nəticələr vermədi. 24 oktyabr 1984-cü il tarixində Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Ş.Rasizadənin , Azərbaycan KP MK Qazax rayon partiya komitəsinin birinci katibi A.Süleymanovun, rayon İcraiyyə Komitəsinin sədri B.Eyyubovun və digər rəsmi şəxslərin Kəmərli kəndindən 6 km aralıda yerləşən Bataqlı bulaq deyilən yerə gəlişi, kənd əhalisini hiddətləndirib. Həyati mənafelərinə toxunan məsələnin qoyuluşundan narazı olan kənd sakinləri gələnləri daşa basıb, Ş.Rasizadənin maşınını aşırmışdılar. Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” adı altında müzakirə edilərək, hüquqi qiymət verilməsi üçün xüsusi orqanlara göndərilib. İclası açan MK-nın birinci katibi Kamran Bağırov bu məsələ ilə bağlı Moskvadan göstəriş verildiyini də etiraf edib. Müzakirələrdən sonra MK bürosu müvafiq qərar qəbul etdi və Moskvanın təzyiqi ilə Ermənistanın əsassız ərazi iddiasını təmin etdi. Hazırda bu ərazi hər iki tərəfdən minalanıb və nə ermənilər, nə azərbaycanlılar əraziyə daxil ola bilirlər. Beləliklə Kəmərli kəndi Daş bulaq, Almalı bulaq, Məsçidin bulağı, Tutlu dərə, Fındıqlı bulağı, Hayvalı bulağı, Birinci Dərəbəyli, İkinci Dərəbəyli, Bala Cövüzlü, Böyük Cövüzlü, Soyuq bulaq, Kömürxana, Battaqlı, Xanımın yurdu, Qara qaya və s. dədə-baba meşəliklərindən məhrum olsa da, bu ərazilərin Azərbaycana qaytarılması şansı yaranıb.

Gördüyünüz kimi, böyük bir ərazidən söhbət gedir. Bu gün Azərbaycan dövləti bunu da qaldırsa, məsələ müsbət həllini tapar. O torpaqlar da ölkəmizin sərhədləri daxilində olduğu üçün bizə qaytarıla bilər. Buna da çox böyük ümid bəsləyiərm. Həmin dönəmlərdə Sovet İttifaqı rəhbərliyi zəmin hazırladı və həmin sahələri ermənilərə verdi. O ərazidə hazırda 3 kənd mövcuddur: Aslanbəyli, Qaymaqlı və Kəmərli. Bu kəndlərin çox böyük nüfuzu var, o kəndlər ölkəmizə böyük şəxsiyyətlər bəxş edib. Hazırda həmin kəndlərdə yaşayış var, həyat axarında davam edir. Xalq zamanında Sovet İttifaqı tərəfindən ermənilərə peşkəş edilən öz torpaq sahələrini istəyir. İnsanlar sakitləşmirlər, sakitləşməyəcəklər. Hamı elliklə prezident İlham Əliyevə güvənir, inanır ki, o, həmin ərazilərin taleyini həll edəcək. Prezident işğal altındakı son torpaqları da azad etməklə Qarabağ zəfərini taclandırmış olacaq”.

D
demokrat.az