Bakının Sabunçu rayonunda 1987-ci il təvəllüdlü Namiq qardaşı Natiqə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 27-də baş verib. Namiq yaşadığı evin həyətində qardaşı Natiqin onu və digər qardaşı Nadirin ailəsini təhqir etməsi səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı əli ilə Natiqin sifət nahiyəsindən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Namiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, sentyabrın 27-də, saat 19.30-da yaşadığı evin həyətində qardaşı Natiq ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə baş verib:
“Mübahisə zamanı əsəbləşərək əlimlə Natiqin sifət nahiyəsindən vuraraq ona bədən xəsarəti yetirdim. Törətdiyim əməldən peşmanam”.
İş üzrə zərərçəkmiş Natiqin sözlərinə görə, sentyabrın 27-də, saat 19.30-da qardaşları ilə yaşadığı evə gəlib: “Qapını qardaşlarım açmadığı üçün hasardan evin həyətinə düşdüm. Bu zaman qardaşlarım Nadir və Namiqlə aramızda mübahisə yarandı. Mübahisə zamanı qardaşım Namiq qəsdən sifət nahiyəmdən vuraraq xəsarət yetirdi. Hazırda şikayətçiyəm, Namiqə ağır cəza təyin olunmasını xahiş edirəm”.
Şahid qismində ifadə verən Nadir bildirib ki, üç qardaş ailəliklə birlikdə Bakıxanov qəsəbəsində fərdi tikilmiş yaşayış evində yaşayırlar:
“2021-ci ildə atam vəfat etdikdən sonra atamızdan qalmış mülk bölgüsü üstündə aramızda mübahisələr yarandı. Natiq atamdan qalmış evin yalnız ona aid olmasını bildirərək mənim və qardaşım Namiqin evdən çıxmasını tələb edir. Bununla bağlı bir neçə dəfə aramızda münaqişələr olub. Son günlərdə qardaşım Natiqin yoldaşı hamilə olduğu üçün qayınatasıgildə yaşayır”.
Nadir qeyd edib ki, sentyabrın 27-də kənarda olarkən saat təxminən 19.30 radələrində qardaşı Namiq zəng edib və Natiqin hasardan həyətə düşərək onunla mübahisə etdiyini bildirib: “Evə gəldim, həyətə daxil olduqda qardaşlarım Namiqlə Natiq mübahisə etdiyini gördüm. Onlara yaxınlaşıb sakitləşdirmək istədim. Namiq Natiqin sifətindən yumruqla vurdu. Sonra Natiq çıxıb həyətdən getdi”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Namiq 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00.00-dan səhər saat 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Fariz Məlikli Demokrat.az


