İsmayıllı rayonunda 1961-ci il təvəllüdlü Musa ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı oğlu Nadirə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 26da İsmayıllı rayonun Sulut kəndində baş verib. Musa yaşadığı evin yataq otağında oğlu Nadiri çayniklə baş, habelə əl və yumruqla sinə nahiyəsindən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, oğlu Nadir 2014-cü ildə hazırda birgə yaşadığı Vüsalə ilə ailə quraraq onunla eyni evdə yaşayırlar: “Nadir Vüsalə ilə ailə qurduqdan sonra ailə-məişət problemlərinin həllində, xüsusən də heyvanlara baxmaq, ot gətirmək kimi işlərdə mənə kömək etməyib. Buna görə Nadirə irad bildirdikdə anası, yəni arvadım Bahar Nadirə tərəf çıxaraq “işini özün gör, Nadir yaxşı edir” kimi sözlərlə mənimlə söz-söhbət yaratdığından onunla da münasibətlərim soyuyub”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, arvadı Bahar ilə 2019-cu ildə faktiki ayrılıblar: “Hazırda Bahar ilə eyni evdə, lakin ayrıca otaqda tək yaşayıram. Mən fəhləlik edirəm, özüm yemək bişirirəm, pal-paltarımı da özüm yuyuram”.
Musa qeyd edib ki, 26 may 2023-cü ildə, saat 18 radələrində İsmayıllı rayon Sulut kəndi ərazisində fəhləlik edib və daha sonra evə gəlib: “Həmin vaxt oğlum Nadir, arvadım Bahar və gəlinim Vüsalə də evdə olublar. Mən öz otağıma keçərək bir gün qabaqdan aldığım ətdən bişirdiyim yeməklə evdə olan arağımdan 150 qram içdim. Bir qədər sərxoş oldum. Həmin vaxt eyvandan Nadirin barəmdə “hamıya deyəcəm, sənə heç kim iş gördürməsin” deyə danışdığını eşitdim. Bundan əsəbiləşdim və Nadirə otağımdan irad bildirdim. Nadir isə yenə eyni sözü təkrar etdiyindən eyvana çıxdım. Bu zaman Nadir üstümə hücum çəkdi və məni yumruqla xatırlamadığım sayda vurdu. Bahar və Vüsalə araya girərək sağ və sol qolumdan tutdular, məni araladılar. Mən öz otağıma girdim, qapını arxadan bağlamaq istədim. Bu zaman Nadir otağıma girərək sinəmdən yumruqla xatırlamadığım sayda vurdu. Əsəbiləşdiyim üçün həmin otaqdakı qaz balonu işlə işləyən sobanın üstündən içi boş olan saxsı çayniki götürdüm və Nadiri həmin çayniklə başının arxa tərəfindən bir dəfə vurdum. Mən doğma oğlum olan Nadirlə barışmağa cəhd etmişəm. Oğlum isə aşkar surətdə mənimlə ədavət aparacağını bildirərək barışmağımı rədd edib”.
İş üzrə zərərçəkmiş Nadirin sözlərinə görə, doğma atası olan Musa həmişə içki içib, evdə yersiz söz-söhbət yaradıb: “Belə söz-söhbətə görə 2019-cu ildən bəri anam Bahar atamdan faktiki ayrılıb, eyni evdə yaşasalar da, atam evdə ayrıca otaqda tək yaşayır. Mən və atam fəhlə, anam Bahar və arvadım Vüsalə isə evdardır. Atam ilə bizim yemək-içməyimiz ayrıdır, aramızda mehribançılıq yoxdur”.
Zərərçəkmiş deyib ki, mayın 26-da, saat 18 radələrində evdə olarkən arvadı Vüsalə evin eyvanında çörək bişirib, anası Bahar isə evin qarşısında həyətdə təmizlik işləri görüb: “Bu zaman atam Musa içkili halda salamsız-kəlamsız evə gəldi, öz qaldığı otağa keçərək əyləşdi. Heç bir səbəb olmadan ünvanıma xoşagəlməz və təhqiramiz ifadələr işlətməyə başladı. Mən “sakit ol, evdə qadın xeylağı var” deməklə atamdan anamdan və arvadımdan utanıb ədəbsiz danışmamasını istəsəm də, atam sözümə məhəl qoymadı. Bu zaman atama növbəti dəfə “ayıbdır, ədəbli ol, məcbur eləmə ki, gəlib səninlə mübahisə edim” deyə irad bildirdim. Atam “gəlməyən belə-belə olsun” deyə təhqiramiz söz işlətdiyindən əsəbiləşdim. İkilikdə sözlə irad bildirmək üçün atamın otağına daxil oldum. Lakin otağına daxil olub yaxınlaşmaq istədikdə atam evin pəncərəsinin qarşısından çayniki götürərək başımın arxa tərəfindən bir dəfə vurdu. Nəticədə çaynik sındı, başımın arxa və boyun tərəfinə xəsarət yetirdi. Mən daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verməklə İsmayıllı rayon Polis şöbəsinə ərizə ilə müraciət etdim. Tələbim atam barəsində qanuni tədbir görülməsidir”.
Bu cinayət işinə İsmayıllı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Musa 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin ona təyin edilmiş 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməsi müəyyən edilib. Onun üzərinə cəza çəkdiyi müddətdə saat 23.00-dan növbəti gün saat 07.00-a dək yaşadığı İsmayıllı rayonu Sulut kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli Demokrat.az


