Fövqəladə Hallar Nazirliyi Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
Müraciətdə deyilir ki, bayram münasibəti ilə bəzədilən küknar ağacı ətrafında keçirilən bayram tədbirləri həm də yanğın təhlükəsini yaradır:
“Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşların ən sadə təhlükəsizlik qaydalarına etinasız münasibətinə rast gəlinir ki, bu da sonda əziz bayramın faciəyə çevrilməsinə səbəb olur. Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən yeni il şənliklərinin keçiriləcəyi məkanların rəhbərlərinə bir daha müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladır”.
Təhlükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, yeni il tədbirlərində yanğın təhlükəsizliyi ön planda olmalıdır:
“Küknar ağacı bəzədilərkən quraşdırıldığı yerin möhkəm olmasına diqqət yetirmək lazımdır. Ağacın möhkəm və dayanıqlı olması təmin edilməlidir. Üzərindəki işıqlar sertifikasiyalı, saz vəziyyətdə məhsullar olmalıdır. Əgər işıqda nasazlıq varsa, istifadə etmək olmaz. Evi tərk edərkən işığı cərəyandan ayırmaq lazımdır.
Bəzən işığı yanılı qoyub gedirlər və ya üzərində tez alışan materialdan istehsal edilmiş oyuncaq asırlar. Bu da yanğın riskini qaçılmaz edir. İctimai yerlərdə keçirilən bayram tədbirlərində və ya kafe, restoranlarda toplaşan insanların sayına diqqət etmək lazımdır, bir nəfər üçün 1,4 kvadrat metr yer nəzərdə tutulmalıdır. Məkanlarda təxliyə üçün ehtiyat çıxışı olmalıdır, bunların da eni 1 metr 35 sm olmalıdır. İşıq projektorlarına yaxın yanma qabiliyyəti yüksək olan əşyalar qoymaq olmaz, ən azı 1 metr məsafə olmalıdır.
İçəridə açıq oddan, fişənglərdən istifadə qadağan edilməlidir. Valideynlər uşaqlarını nəzarətdə saxlamalıdırlar. Məkanda çalışan işçilər də kütləvilik zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşmalıdırlar. Restoran, kafelərdə işçilərin sayı 15 nəfərdən yuxarıdırsa, qanunla orada könüllü yanğınsöndürmə dəstələri olmalıdır”.
Törə Zeynallı Demokrat.az


