Sosial Özəl

“Şəhərlərdə abituriyentlərin hazırlıq səviyyəsi daha yüksəkdir” — SƏBƏBLƏR

“Şəhərlərdə abituriyentlərin hazırlıq səviyyəsi daha yüksəkdir” — SƏBƏBLƏR

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli feysbuk hesabında Azərbaycanda 1-ci və 2-ci qruplara sənəd verənlər abituriyentlər arasında qızların azlıq təşkil etdiyini yazıb.

O qeyd edib ki, 1-ci qrupa sənəd verənlərin 34%-i, 2-ci qrupa sənəd verənlərin isə 37%-i qızlardır.

Onun fikrincə, qızları texnoloji elmlərə daha çox yönəltsək, gələcəkdə bərabərliyə nail ola bilərik:

“Bu il iqtisadiyyat üzrə Nobel mükafatı almış Claudia Goldin əsas tədqiqatlarını qadınların iqtisadiyyatda, xüsusilə də əmək bazarında yeri ilə bağlı mövzulara həsr edib.

O, qeyd edir ki, qadınlarla kişilər arasında əmək haqqı bərabərsizliyi azalsa da, hələ də problem aktual olaraq qalır. Bunun əsas səbəblərindən biri müasir əmək bazarında elastik iş rejiminin olmamasıdır. Qadınlar uşaqlara və böyükllərə baxdıqları üçün nisbətən elastik və daha az maaş verən işlərdə çalışmağa məcbur olurlar. Lakin texnologiyanın inkişafı bu vəziyyəti dəyişə bilər. Məsələn, hazırda bir çox kompüter elmləri mütəxəssisləri (xüsusilə, proqramçılar) kənardan rahat işləyə bilirlər. Burda da problem ondan ibarətdir ki, formalaşmış stereotiplərə görə qadınlar bu sahəyə çox az gedir. Bu, ölkəmizdə də belədir”.

N.Məmmədli onu da əlavə edib ki, qəbul imtahanının 1-ci mərhələsinin nəticələrinə görə qızlar riyaziyyat imtahanlarında oğlanlardan daha yaxşı nəticə göstərir. Kompüter elmləri üçünsə ən vacib fənn riyaziyyatdır.

Məsələyə təhsil eksperti Kamran Əsədov Demokrat.az-a açıqlamasında münasibət bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə keçirilən imtahanların nəticələrinə əsasən şəhər və kəndlərdə abituriyentlərin maraq göstərdiyi ixtisas qrupları arasında demək olar ki, fərq yoxdur:

“Həm böyük şəhərlərdə, həm də kənd yerlərində oğlan abituriyentlər riyaziyyat və mühəndislik ixtisasları qrupuna, qız abituriyentlər isə humanitar və pedaqoji ixtisaslar qrupuna daha çox üstünlük verirlər. Lakin hər iki kateqoriya abituriyentlərin imtahan fənləri üzrə test cavablarında ciddi fərq var. Belə ki böyük şəhərlərdə olan abituriyentlərin hazırlıq səviyyəsi kənd yerlərində olan abituriyentlərin hazırlıq səviyyəsindən yüksəkdir.

Bu üstünlük özünü ənənəvi olaraq daha çox ingilis dili fənni üzrə hazırlıq səviyyəsində göstərir. Şəhərlərdən olan abituriyentlərin bilik səviyyəsi bütün fənlər üzrə yüksəkdir. Bu, şübhəsiz, şəhər məktəblərinin maddi-texniki bazasının, təlim-tədris texnologiyasının, informasiya təminatının kənd məktəbləri ilə müqayisədə xeyli üstün olması və digər obyektiv amillərlə bağlıdır. Bununla belə, son illər dövlət xətti ilə, həmçinin Heydər Əliyev Fondu tərəfindən respublikanın müxtəlif bölgələrində, əsasən də kənd rayonlarında müasir standartlara cavab verən məktəblər inşa edilir, onların maddi-texniki bazası və müəllim potensialı gücləndirilir. Bu, şəhər və rayon abituriyentlərinin hazırlıq səviyyəsi arasındakı fərqin azalmasına təsir edir”.

Ekspert deyib ki, ixtisas qrupları üzrə ayrı-ayrı təhlil aparanda V ixtisas qrupu istisna olmaqla oğlan və qızların ixtisas qruplarına münasibətlərinin fərqli olduğu aydın olur:

“Əvvəlki illərdə olduğu kimi ötən il də orta hesabla Azərbaycan və rus bölmələrinin oğlan abituriyentləri ən çox “Riyaziyyat, fizika və mühəndislik” (I qrup) və “İqtisadiyyat və idarəetmə” (II qrup) ixtisaslarına meyl edirlər. Azərbaycan bölməsində oğlanların 74,24 faizi, rus bölməsində isə 77,34 faizi bu iki ixtisas qrupuna yönəlib. Bununla belə, qeyd etmək lazımdır ki, oğlanların I ixtisas qrupuna istəyi II qrupa nəzərən əhəmiyyətli dərəcədə yüksəkdir. Baxmayaraq ki, 2023-ci ildə 2021-ci və 2020-ci illərlə müqayisədə hər iki bölmədə oğlan abituriyentlərin II ixtisas qrupuna maraqları bir qədər zəifləmişdi, cari ildə bu ixtisas qrupuna olan maraq yenidən artıb”.

K.Əsədov əlavə edib ki, orta hesabla qız abituriyentlərin çoxu humanitar ixtisaslara meyl etməklə III ixtisas qrupu üzrə imtahan verirlər:

“Qız abituriyentlər “İqtisadiyyat və idarəetmə” ixtisaslarına (II qrup) az maraq göstəriblər. Əvvəlki illərdə rus bölməsinin qız abituriyentləri II ixtisas qrupuna daha çox maraq göstərirdilər, lakin son illərdə azalma müşahidə olunub. 2023-ci ildə rus bölməsi üzrə qız abituriyentlərin 23.08 faizi, 2022-cu ildə 19.37 faizi, 2020-ci ildə 17.82 faizi, 2021-ci ildə isə 20.10 faizi II ixtisas qrupunu seçib. IV ixtisas qrupuna maraq göstərən qızların sayı oğlanlardan 2,62-3,03 dəfə yüksəkdir.

Onu da qeyd edim ki, bu il IV qrup üzrə ixtisas seçimi mərhələsində iştirak edən qız abituriyentlərin sayı oğlanlardan 3,08 dəfə yüksək olub”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az