Şəmkir rayonunda 1999-cu il təvəllüdlü İlqar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zəminəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 21-də rayonun Qaracəmirli kəndində baş verib.
İlqar yaşadıqları evdə arvadı Zəminə ilə aralarında yaranmış mübahisə zamanı yumruqla onun sifətinə və alnına vuraraq xəsarətlər yetirib.
Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, iyunun 21-də yaşadıqları evdə atası ilə birlikdə spirtli içki qəbul edib, sonra atası ilə evdən çıxaraq gedib:
“Bundan sonra mağazaya gedərək pivə alaraq içdim. Saat 19 radələrində isə evə qayıtdım. Evə gələn zaman arvadım sərxoş olmağıma görə iradını bildirdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə əsnasında yumruqla Zəminənin sifətinə və başına bir neçə dəfə vurdum”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə İlqar 7 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxsin üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən yaşayış yerini saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli Demokrat.az


