Şəmkir rayonunda 1975-ci il təvəllüdlü Vüsal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Günelə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şəmkir rayonu, Çaparlı kəndində baş verib.
Vüsal həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətində Günel ilə arasında şəxsi münasibətlərin pozulması zəmində mübahisə edib.
O, mübahisə zamanı sifət nahiyəsinə qəsdən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, sentyabrın 20-də, saat 15 radələrində Şəmkir rayonu, Çaparlı kəndində yaşadığı evin həyətyanı sahəsində həyat yoldaşı Günel ilə aralarında mübahisə baş verib:
“Mübahisə zamanı Günelə bir dəfə əl zərbəsi ilə vuraraq xəsarət yetirdim. Əməlimdən səmimi peşmanam. Hazırda arvadım ilə barışmışam”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


