İsrail oktyabrın 7-dən blokadada olan Qəzza zolağına hücumlarını davam etdirərkən, ölkəyə gələn turistlərin sayı xeyli azaldığından turizm sektorunda zəifləmə müşahidə olunur.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İsrail qüvvələrinin Qəzzaya hücumları ilə yanaşı, Livan sərhədində oktyabrın 8-dən bəri davam edən Hizbullah ilə qarşıdurmalar və İordan çayının qərb sahilində şiddətin artması turistlərin ölkədən uzaqlaşmasına səbəb olur.
Oktyabr ayından İsrailin Qəzza zolağına hücumlara başladığı vaxtdan turizm sənayesi kəskin enişlə üzləşib.
Hücumların ilk günlərində İsrailə uçuşlarda problemlər başlasa da, oktyabrın 7-dən oktyabrın 19-u arasında eyni istiqamətlərə uçuşların 40 faizindən çoxu ləğv edilib.
İsrailin hücumlarını gücləndirdiyi oktyabr ayında ölkədə turizm aktivliyi ötən illə müqayisədə 76 faiz azalıb.
İsrail Statistika Bürosunun aylıq hesabatına görə, oktyabr ayında İsraili təxminən 89 min 700 turist ziyarət edib.
Bu səfərlərin əksəriyyəti oktyabrın ilk həftəsində, hücumlar başlamazdan əvvəl həyata keçirilib.
Ötən ilin oktyabrında isə İsrailə 370 min turist gəlib.
Turizm Nazirliyinin açıqladığı məlumatlara görə, keçən ilin noyabr ayında İsrailə gələn turistlərin sayı təxminən 370 min ikən bu ilin eyni ayında cəmi 38 min nəfər olub.
Aysu Demokrat.az


