Hadisə Özəl

Qubada 31 yaşlı kişi arvadını döydü — TƏFƏRRÜAT

Qubada 31 yaşlı kişi arvadını döydü — TƏFƏRRÜAT

Quba rayonunda 1992-ci il təvəllüdlü Əsəd keçmiş həyat yoldaşı Əsmərə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 20-də Quba şəhəri, Aslan Aslanov küçəsində baş verib.

Əsəd aralarında yaranmış mübahisə zamanı Əsmərin sifətinə və bədəninin müxtəlif nahiyyələrinə yumruq, şillə ilə bir neçə dəfə vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, zərərçəkmiş Əsmər onun keçmiş həyat yoldaşıdır:

“Biz 2015-ci il tarixdə ailə həyatı qurmuşuq, birgə nikahımızdan 3 övladımız dünyaya gəlib. Son zamanlar ailədə müəyyən söz-söhbətlər yarandı və nəticədə 2023-cü ilin avqust ayında məhkəmə qaydasında rəsmi boşandıq. Buna baxmayaraq eyni ünvanda yaşayırıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən saat 17 radələrində evdə olan zaman spirtli içki qəbul edib:

“Sonra Əsmərə dayısı qızının toy məclisinə getməyəcəyini dedim. Aramızda mübahisə yarandı. Mübahisə zamanı Əsməri yumruq, və şillə ilə vuraraq ona bədən xəsarətləri yetirdim”.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əsədin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az