Hadisə Özəl

Sumqayıtda sərxoş kişi arvadını döydü

Sumqayıtda sərxoş kişi arvadını döydü

Sumqayıt şəhərində 1977-ci il təvəllüdlü Nicat həyat yoldaşı Şəhlaya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 13-də baş verib. Nicat həmin gün, saat 17.30-da yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağları massivi, fərdi evdə olarkən arvadı Şəhla ilə mübahisə edib. O, Şəhlanı döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisəni törədən Nicatın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, sentyabrın 13-də işdən gələrkən spirtli içki qəbul edib və təxminən saat 17.30-da yaşadıqları evdə arvadı ilə aralarında mübahisə düşüb: “Həmin vaxt əsəbləşərək Şəhlanın sinəsindən və başından şillə ilə vurmuşam. Sonradan əməlimdən peşman olmuşam”.

İş üzrə zərərçəkmiş Şəhlanın sözlərinə görə, əri Nicat mütəmadi olaraq sərxoş vəziyyətdə evə gəlib. Onun sözlərinə görə, sonuncu dəfə də əri sərxoş vəziyyətdə evə gəlib. O, ifadəsinin sonunda ərindən şikayətçi olmadığını qeyd edib.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Nicatın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova