Abşeron rayonunda 1996-cı il təvəllüdlü Tərlan onunla birlikdə kirayədə qalan Rafiqə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 27-də baş verib. Tərlan Rafiqlə birlikdə kirayədə yaşadığı evdə şəxsi münasibətlər zəminində yaranmış narazılıq üstündə əsəbiləşib, mübahisə edərkən həmin mübahisə əsnasında onun üzərinə hücum edib, sifət, baş, bədəninin müxtəlif nahiyələrindən yumruqla bir neçə dəfə ardıcıl zərbələr vurub.
Hadisəni törədən Tərlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tərlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2023-cü ilin iyun ayından avqust ayının sonlarınadək hadisə baş verən evdə kirayə qalıb: “2023-cü ilin iyul ayından isə Rafiq həmin evdə kirayədə qalmağa başladı. Mənimlə otaq yoldaşı oldu. Rafiqlə münasibətlərimiz yaxşı olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 16 radələrində tanışı Elşən ilə birlikdə kirayədə yaşadığı evə gəliblər: “Təxminən 15-20 dəqiqə evdə oturduqdan sonra Elşənlə birlikdə çıxıb getdik. Evin qarşısında olan zaman Elşənin mobil telefonunu evdə unutduğunu bildirərək geri qayıtdı. Evin içərisinə daxil olduqda Rafiqin dəhlizdə oturub siqaret çəkdiyini gördüm. Rafiq mənə evə girib-çıxan zaman dəhlizin qapısını bağlamağımı bildirdi. Rafiqə bir qədər əvvəl evdən çıxan zaman dəhlizin qapısını örtməyimi unutduğumu dedim. Rafiq isə mənimlə kobud şəkildə danışmaqda davam etdi. Rafiqə fikir verməyərək otağa daxil olub tanışı Elşənin mobil telefonunu götürdüm. Dəhlizə qayıtdıqda Rafiqin əsəbi halda onun üstümə gəldi. Rafiqin məni vuracağını fikirləşdiyüm üçün yumruqla bir-iki dəfə onun sifət və baş nahiyəsinə zərbə vurdum. Rafiqlə aramızda mübahisə başa çatdıqdan sonra Elşən də evin içərisinə daxil oldu. Sonra Elşənlə birlikdə evdən çıxaraq getdim”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tərlan aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli Demokrat.az


