Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, Rusiya ilə NATO-nun toqquşma riski artır. F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinin mümkünlüyündən danışan Zaxarova Şimali Atlantika Alyansının getdikcə münaqişəyə daxil olduğunu, ölkəsi ilə NATO-nun toqquşma risklərinin artdığını söyləyib.
Rusiya XİN rəsmisinin söylədiklərinə politoloq Cümşüd Nuriyev Demokrat.az-a açıqlamasında münasibət bildirib.
Onun sözlərinə görə, Ukraynada, əslində, üçüncü dünya müharibəsi gedir:
“Ukraynada təkcə Rusiya ilə Ukrayna vuruşmur. Dünyanın 20-ə yaxın dövləti Ukraynanın yanındadır. Belarusiya da Rusiyanın yanındadır. Rusiyanın resursları tükənmək üzrədir. Çalışır ki, NATO-nu təxribata çəksin, bu da baş tuta bilər.
F-16-ların Ukraynaya verilməsi bir o qədər real deyil. Ukrayna artıq tək siyasi deyil, hərbi cəhətdən də uduzub. Rusiya bu oyunu udur. ABŞ da Rusiya ilə üz-üzə qalmaq istəmir, Azərbaycana hücumlarının arxasında da bu dayanır.
Zaxarovanın sözlərindən belə çıxır ki, Rusiya NATO-nu bu işlərə cəlb etməyə çalışır. Finlandiyanın da NATO-ya qoşulmasından sonra Rusiyanın sərhədlərində bufer zona qalmadı. Rusiya bu saat NATO-ya hirslidir, yəni hər şey ola bilər”.
Törə Zeynallı Demokrat.az


