“Bu gün Azərbaycanda əcnəbi tələbələrin cəlbi üçün heç bir ciddi addım atılmır. Faktiki olaraq bu sahədə hər hansısa ciddi işlərin getdiyini söyləyə bilmərik. Bu istiqamətdə universitetlərin öhdəliyinə böyük məsuliyyət düşür. Əsas problemlərdən biri kimi yataqxanaların olmamasını göstərə bilərik. Hələ də bir çox universitetlərin yataqxanası yoxdur”.
Bu sözləri AzEdu-ya açıqlamasında deputat Ceyhun Məmmədov bildirib. O, Azərbaycana təhsil almaq üçün üz tutan əcnəbi tələbələrin sayının az olmasının bir sıra problemlərdən qaynaqlandığını qeyd edib. Deputatın sözlərinə görə əcnəbi tələbələrin qarşılaşdıqları əsas problemlər bir çox universitetlərdə ingilis dilli proqramların olmaması, bəzi universitetlərdə onlara qarşı ayrı-seçkilik, xarici dillərdə dərsliklərin demək olar ki, tapılmamasıdır.
Mövzuya təhsil eksperti Kamran Əsədov da münasibət bildirib. O, Demokrat.az-a açıqlamasında deyib ki, sadalanan məqamlarla yanaşı xarici tələbələrin Azərbaycanda üzləşdikləri ən əsas problemlərdən biri miqrasiya və qeydiyyat məsələləridir:
“Türkiyədən gələn tələbələr 30, digər ölkə vətəndaşları isə 15 gün ərzində qeydiyyata düşməlidirlər. Yaxşı olar ki, əcnəbi tələbələrə qeydiyyat məsələsində güzəşt edilsin. Xarici ölkələrdən tələbə cəlb etmək istəyiriksə, universitetlərimiz beynəlxalq standartlara cavab verməlidir. Günümüzdə universitetlərlə bağlı əsas problemlərdən biri məhz onların beynəlxalq standartlara uyğun olmamasıdır.
Universitetin geniş kampusu, yataqxanası, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmiş laboratoriyası olmalı, orada tədqiqat və təcrübələr aparmaq üçün lazımi şərait yaradılmalıdır, həmçinin tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri və özlərini inkişaf etdirmələri üçün də alternativlər təqdim edilməlidir”.
Ekspert əlavə edib ki, xarici tələbələrin sayını artırmaq üçün onlarda Azərbaycana qarşı maraq oyatmaq lazımdır: 
“Ölkəni tanıtmaq lazımdır, düzdür, bu istiqamətdə hər zaman davamlı işlər görülür. Lakin sırf xaricdən tələbə cəlb etmək üçün də ölkənin təhsil imkanları işıqlandırılmalıdır, universitetlərin piarı aparılmalıdır. Bunun üçün universitetlər xaricdə təhsil sərgilərində iştirak etməli və təhsil xidmətlərini təqdim etməlidir. Necə ki, Azərbaycanda il ərzində tez-tez xaricdə təhsil sərgiləri təşkil edilir, seminarlar olur. Xaricdə təhsil almağa üz tutan gənclərimizin sayının hər il artmasında bu amilin rol oynadığını unutmaq olmaz. Eynisini biz də xarici ölkələrdə etməliyik”.
K.Əsədov onu da vurğulayıb ki, ali təhsilin keyfiyyətinin artırılması da başlıca şərtdir:
“Azərbaycanda ali təhsil müəssisələrinin keyfiyyəti həm dövlət tərəfindən, həm də xaricdən qiymətləndirilməlidir. Mərkəzləşdirilmiş internet resursu formalaşdırılmalıdır ki, istənilən xarici ölkə vətəndaşı həmin portal vasitəsilə birbaşa universitetə qəbul prosedurunu özü həyata keçirə bilsin. Çünki xaricdə təhsil şirkətləri tərəfindən tələbələrin aldadılması halları çox yayılıb". Törə Zeynallı Demokrat.az


