Sosial Özəl

“Güclü qadının yanında olmaq hər kişinin işi deyil” — Psixoloq

“Güclü qadının yanında olmaq hər kişinin işi deyil” — Psixoloq

“Bu gün evliliklərdə atılan bəzi səhv addımlar boşanmalarla nəticələnir. Baxırıq ki, 40-45 yaşında kişi 18-20 yaşında xanımla evlənir. Rusiyadan gəlir, evlənmək istəyir, amma yaş məhdudiyyəti qoyur. Aydın məsələdir ki, qadınla kişi arasında bu qədər yaş fərqi fikir ayrılıqlarına səbəb olacaq. Yaş artıqca intim münasibətlər də qaydasında olmayacaq. Kişi qocalmağa doğru gedir, qadın isə gəncdir”.

Bunu Demokrat.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib. O, fikirlərinə belə davam edib:

“18 yaşındakı qızı susdurmaq asan ola bilər, amma elə də ola bilər ki, onu heç susdura bilməzsən. Yəni ailənin verdiyi tərbiyədən asılıdır, xarakter məhz ailədə formalaşır. Bu gün Azərbaycanda çox adam özündən yaşca kiçik xanımla evlənmək istəyir. Heç kim öz yaşıdı və ya özündən bir neçə yaş böyük insanla ailə qurmaq istəmir. Sanki bu, yazılmamış qanundur, özündən böyüklə evlənmək olmaz. Niyə?! Kişi özündən böyük xanımla da evlənib, xoşbəxt ola bilər. Çünki qadının düşüncə tərzi kişininkindən fərqlənir. 18 yaşında təhsilsiz, dünya görüşü və düşüncə tərzi hələ tam formalaşmamış xanımla 26-27 yaşında savadlı, işləyən, öz ayaqları üstündə dayanan xanım arasında böyük fərq var”.

Psixoloqun fikrincə kişilər heç vaxt güclü xanımların yanında olmaq istəmirlər. Çünki bu zaman onun özü də güclü və özünə güvənən olmalıdır:

“Güclü kişi yanında güclü qadın görmək istəyir. Xarakteri zəif, özünə güvənməkdə problemi olanlar idarə edə biləcəyi, sözünü keçirə biləcəyi qadın istəyirlər. Etiraz eşitmək istəmirlər, robot axtarırlar. Ona görə də bəzən görürük ki, güclü qadınlar ya tək olurlar, ya da xoşbəxt deyillər. Güclü qadınla bərabər olmaq hər kişinin işi deyil”.

Qeyd edək ki, aparıcı Turanə Hüseynli də “Podkast kimi adam” layihəsində bu mövzuya toxunub. O deyib ki, Azərbaycanda əksər kişilər 18 yaşında xanımla evlənmək istəyirlər, çünki nə istədiyini bilən, düşüncələri formalaşmış qadınla ailə qurmaq asan deyil.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova