Kürdəmir rayonunda həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Cümşüd İslamovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Neymət Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 27-ə təyin edlib.
İttihama görə, qətl hadisəsi Kürdəmir rayonunun mərkəzində, 69-cu məhəllə adlı ərazisində baş verib.
Aralarında yaranan mübahisə zəminində rayonun Muradxan kənd sakini, əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Cümşüd İslamov rayonun Sor-Sor kənd sakini, Bakıda yaşayan 1977-ci il təvəllüdlü Müşfiq Məmmədova “Makarov” tipli tapança ilə üç güllə xəsarəti yetirib.
Müşfiq Məmmədov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Cümşüd İslamovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi üzrə ittiham elan edilib.
Fariz Məlikli Demokrat.az


