"Bunun bir adı var - xürafat. İslam dininə heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə ənənələrimizdə belə bir adət yoxdur. Uşaq dünyaya gələndə sağ qulağına azan, sol qulağına iqamə oxunur. Bu, Peyğəmbərimizin hədislərində də var. Ancaq torpaq yemək - fərqi yoxdur haranın olur olsun, haram sayılır".
Bunu Demokrat.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. O bunun səbəblərinə də toxunub:
"Torpağın tərkibində orqanizmə zərərli bakteriyalar var. Nəinki uşaq, böyük adamın da torpaq yeməsi doğru hesab olunmur. Bunu edən şəxs üstəlik hərəkətini reklam da edir. Elə insanlar var ki, inanclıdırlar, amma elmsizdirlər. Onlar buna baxıb, doğru olduğunu düşünə bilərlər. Beləliklə də cəmiyyətdə cəhalət yayılır".
Ekspert deyib ki, din xadimlərimiz gərək belə şeylərin yanlış olduğunu izah etsinlər insanlara:
"Əks halda belə şeylər cəmiyyətin dindən uzaqlaşıb, xürafata sürüklənməsinə səbəb olur. Elmli insan da buna baxıb düşünəcək ki, din elə xürafatdan, torpaq yeməkdən ibarətdir. Bunlar Peyğəmbərimizi, əhli-beyti gözdən salır, sevgi aşılamır. İnsanlara Peyğəmbərdən, onun sünnəsindən gələn gözəl nümunələri çatdırmaq lazımdır. Uşağa torpaq yedizdirməyin nə mənası var?! Peyğəmbərin, imamların etmədiyi bir şeyi sonradan ənənəyə çevirmək bidətdir. Hərə özündən bir şey çıxarb, ortaya atsa, İslam əsl mahiyyətindən çıxar. Hansı dövrdə, əsrdə yaşayırıq?!"
Törə Zeynallı Demokrat.az


