Yas mərasimlərindəki israfçılıq, mərasim evlərindəki qiymət fərqi hər zaman aktual müzakirə mövzusu olub. Göstərişdən uzaq, sadə keçirilməli olan yas mərasimləri əksinə, baha başa gəlir. Təəssüf ki, artıq buna da biznes, qazanc mənbəyi kimi baxılır.
Məsələ ilə bağlı Demokrat.az-a danışan sosioloq Elçin Bayramlının sözlərinə görə yas mərasimləri zamanı göstərilən xidmətlər fərqləndiyi üçün qiymət fərqinin də olmağı təbiidir:
“Şirkət var ki, çadır qurur, içində kondisioner ola da bilər, olmaya da, bir neçə cür yemək də verilə bilər. Bu da qiymətlərə təsir edir. İmkanlı, vəzifəli şəxslərin yas mərasimləri dəbdəbəli, təntənəli keçir, kasıbınki zəif. Öləndən sonra belə bizdə ayrıseçkilik qoyulur, bu da dini cəhətdən günahdır, həm də sosial diskriminasiyadır”.
Sosioloq vahid standartların tətbiq olunmasını təklif edib:

“Ehsanda yalnız çay və halva verilməlidir. Digər məsələlər – molla xərci, yer haqqı və s. dövlətin müəyyənləşdirdiyi standartlar çərçivəsində olmalıdır. Türkiyə, İran təcrübəsindən yararlanmaq olar. Orada sosial yardım təşkilatları var ki, mollalar, meyit yuyanlar sosial işçilər kimi işləyir, dövlətdən və ya təşkilatdan sosial haqq alırlar. Pulu olmayan insanlara da ehsan vermək, mərhumun dəfnini təşkil etmək üçün kömək edilir.
Bu gün Azərbaycanda dini idarələr bunu tənzimləməkdə maraqlı deyil. Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bununla bağlı proqram hazırlamalıdır, parlamentdə hər hansı formada qanun qəbul olunmalıdır. Qəbir yerləri belə sıra ilə verilməlidir, vəfat edən şəxslər sıra ilə dəfn olunmalıdır, buna görə pul alınmamalıdır. Yerli bələdiyyələr hansı mərasim evində boş yer varsa, vəfat edən şəxsin ehsanının orada verilməsini təşkil etməlidir”.
Törə Zeynallı Demokrat.az


