Sosial Özəl

“Provayderlər 5 manatlıq avadanlıqla bir binaya xidmət edir” — İnternet problemi nədən qaynaqlanır?

“Provayderlər 5 manatlıq avadanlıqla bir binaya xidmət edir” — İnternet problemi nədən qaynaqlanır?

“Azərbaycanda internetin sürəti və qiyməti ilə bağlı vəziyyət yaxşı deyil”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, müsbətə doğru irəliləyişlər olsa da, problemin həll edilməsi ilə bağlı xərclər çox vaxt vətəndaşların üzərinə qoyulur:

“Şirkətlər xəttlərin dəyişdirilməsi, avadanlıqların alınması üçün vətəndaşlardan vəsait istəyir. Düşünürəm ki, büdcədən vəsait ayrılır, ancaq tam nəticə əldə edə bilmirik. Bu sahədə nəzarət artırılmalıdır”, - deputat əlavə edib.

Ölkədə internet xidmətlərində qiymət – keyfiyyət uyğunsuzluğunun səbəbləri barədə Demokrat.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasovdeyib ki, ölkədə bütün internet provayderlərini qeydiyyata alan qurum İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) Agentliyidir:

“Naqif Həmzəyevin sözlərində həqiqət var. İKT Agentliyi provayderləri qeydiyyata alanda nə tələb edir? Onların qarşısında hər hansı alt limit qoyulubmu? Bəzi provayderlər var ki, sadəcə bir neçə binaya xidmət edirlər. Onların nə “call center”i var, nə veb-saytı, nə də avadanlıqlarının standartı. Vətəndaş problem yarananda bilmir, hara müraciət etsin. Ümumiyyətlə standart yoxdur Azərbaycanda. Keyfiyyətdən danışırıq, hansı standart üzərində bu keyfiyyəti düşünək? Standart yoxdursa, provayder xidmət göstərəndə hansı göstəriciyə istinad etsin?

Dövlət tənzimləmə funskiyasını İKTA-ya verməsə, “Delta” və ya “AzTelekom”-dan interneti alıb, satan kiçik provayderlər də 5 manatlıq bir avadanlıqla bir binada 50 ailəyə xidmət etməyə davam edəcək. Belə olan halda keyfiyyətdən söhbət gedə bilməz.

Referans göstərə biləcəyimiz standart olmadığı üçün provayderlər istədiyini edir. Yaxşı olar ki, İKTA-nın səlahiyyətlərinin artırılması müzakirə olunsun və internet provayderlərinin qeydiyyata alınması proseduru ciddiləşdirilsin”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova