“Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionuna sülh yolunda konkret təkliflər verməyə hazırdır”.
Demokrat.az xəbər verir ki, bunu Cənubi Qafqaz regionuna səfərə hazırlaşan Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıya səfəri öncəsi deyib.
Almaniyalı nazirin sözlərinə görə, Almaniya və Aİ keçmişin kölgələrinə qalib gələrək region əhalisi üçün daha yaxşı gələcəyi təmin etmək məqsədilə Azərbaycan və Ermənistanla birgə çalışmaq niyyətindədir.
Nazirin fikirlərinə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında deyib ki, Almaniyanın Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir:
“Amma II Qarabağ müharibəsi və antiterror tədbirlərindən sonra Almaniyanın Azərbaycana qarşı mövqeyində müəyyən qədər qərəz gördük. Fransanın regionda aktiv fəaliyyəti, həmçinin Mərkəzi Asiya siyasətində aktivliyi Almaniyanın da Qafqazla bağlı siyasətində korrektlər etməyə gətirib, çıxardı. O, yenə ənənəvi siyasətinə qayıdıb və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır. Çünki Azərbaycan regionun və Mərkəzi Asiyanın açar ölkəsidir. Almaniyanın türk dünyası ilə əlaqələr qurması da Azərbaycanla normal münasibətlərdən keçir. Artıq regiondakı reallıqları qəbul edir və Azərbaycala müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Hesab edirəm ki, bundan sonra artıq Almaniyanın anti Azərbaycan siyasətini müşahidə etməyəcəyik”.
Qeyd edək ki, 4 noyabrda Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilk dəfə Bakıya səfər edəcək və həmkarı Ceyhun Bayramovla danışıqlar aparacaq.
Törə Zeynallı Demokrat.az


