Uşaqların fiziki və mənəvi inkişafı dövlətin daim diqqət mərkəzində olan prioritet məsələlərdən biridir. Təhsil bu inkişafa təkan verən və onu tamamlayan ən vacib faktordur. Azərbaycanda ümumi orta təhsil icbaridir. Təhsil almaq şəxsin ən təməl hüquqlarından biridir. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin II bəndində "Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir" müddəası ilə təsbit edilib. İcbari təhsil qanunla müəyyən edilmiş yaş həddində olan məktəbyaşlı bütün uşaqların təhsillə əhatə olunmasını nəzərdə tutur. Konstitusiyada bunun üçün müəyyən edilmiş yaş həddi 6-17-dir.
“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatında qeyd edilir ki, son illərdə icbari təhsilə cəlb olunmuş qızların ümumi orta təhsil pilləsini bitirməsində və onların dərsə davamiyyətində əsaslı problemlər mövcud deyil. Bildirilir ki, yerli icra hakimiyyəti, yerli təhsili idarəetmə və hüquq-mühafizə orqanları tərəfindən qızların icbari təhsillə tam təmin edilməsi məqsədi ilə davamlı olaraq zəruri tədbirlər həyata keçirilir. Eyni zamanda ibtidai təhsil səviyyəsində qızların təhsildən yayınması kimi halların qarşısı alınır. Komitənin hesabatına əsasən son illərdə təhsildən yayınma halları minimuma enib. Ölkənin 12 iqtisadi rayonu üzrə 605 təhsildən yayınma halı qeydə alınıb. 
Ekspertlərsə bunun əksini deyir.
Bölgələrdə təhsildən yayınma hallarının səbəblərindən danışan təhsil eksperti Kamran Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, xüsusən kənd yerlərində məktəblərdə qızların davamiyyəti aşağıdır:
“Bölgələrdə qızların təhsildən yayınmasının bir sıra səbəbləri var. Ən başda maddi sıxıntılar dayanır. Yuxarı siniflərdə onlar artıq məktəbə gəlmir. Çünki erkən yaşda ərə verilirlər. Bəzi kənd yerlərində qızları adətən səkkizinci sinifdən nişanlayırlar. Bununla da onların təhsil həyatına faktiki olaraq son qoyulur, sadəcə adları məktəbdə gedir. Bu problem respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Nikahdan kənar doğulan uşaqların da bu statistikada payı var. Bu da çox vaxt erkən nikahlardan qaynaqlanır. 2013-2021-ci illərdə nikahdan kənar doğulan uşaqların sayı 32 min olub. Onların 30-35 faizi məhz erkən nikahın payına düşür. 
Qızların təhsildən yayınmasının digər səbəbi də valideynlərin laqeydliyidir. Məktəb yaşlı qızlar ailə təsərrüfatına cəlb edilir. Buna daha çox aran rayonlarında rast gəlinir. Kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, tarlada işləyirlər”.
Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən regionlarda ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır:
“Hər il DİM-in cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun elmi-statistik təhlillərinə baxanda biz bu mənzərəni aydın şəkildə görə bilərik. Belə ki, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə say kəskin azalır. Son illərin statistikası onu deməyə əsas verir ki, ölkənin Aran, Muğan və Cənub zonalarında qadınların təhsildən yayınması faktları üstünlük təşkil edir. Xüsusilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında demək olar ki, qızlar təhsildən uzaqlaşdırılıblar. Bakı kəndlərində eyni problem yaşanır”.
Sosioloq Elçin Bayramlı da sayta açıqlamasında məsələ ilə bağlı fikirlərini bölüşüb.
Onun fikrincə,` Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sadəcə statistika aparmaqla qalmamalı, problemin həllinə yönəlik tədbirlər görməlidir: 

“Təhsildən yayınma halları ilə uşaqların təməl hüquqları pozulur. Komitə bu səbəbləri aradan qaldırmağa çalışmır. 90 faiz ailələrdə uşaqlar ağır sosial şərtlər səbəbilə məktəbdən yayınır, təhsillərini yarımçıq qoyurlar. Ailə maddi cəhətdən özünü təmin edə bilmir, uşaq məcburdur ki, işləyib, kömək etsin, istər şəxsi təsərrüfatda, istər kənarda. Komitə bu uşaqları qeydə alıb, müvafiq orqanlar qarşısında məsələ qaldırmalı, hər hansı şəkildə onların ailələrinə yardım edilməsini təmin etməlidir”.

Ölkədə orta təhsilin icbari olduğunu xatırladan ekspert buna əngəl olan səbəblərin aradan qaldırılmasının son dərəcə vacib olduğunu vurğulayıb:
“Özünüməşğulluq proqramı çərçivəsində belə ailələrə dəstək göstərilməlidir. Regionlarda sosial yardım ala bilməyən ailələr var. Uşaqlar könüllü şəkildə kiçik çiyinlərinə ailəni dolandırmaq üçün ağır yük götürürlər. Heç bir valideyn istəməz ki, uşağı təhsildən yayınsın. Bu o deməkdir ki, həmin uşaq və ailə yaşadığı cəmiyyətdən əlini üzüb. Öz başlarını saxlamaq üçün bütün təməl hüquqlarını arxa plana ataraq məcburi əməyə cəlb olunurlar. Təkcə faktı demək yox, faktın əsasında görülən tədbirlərdən danışmaq lazımdır. Düşünürəm ki, Komitə öz fəaliyyətini ciddi şəkildə nəzərdən keçirməlidir”.
Törə Zeynallı Demokrat.az
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.


