Tezliklə İranda 3+3 formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək.
Demokrat.az xəbər verir ki, Ermənistan da görüşdə iştiraka razılıq verib.
Görüşün keçirilməsinin vacibliyini sayta şərh edən politoloq Turan Rzayev qeyd edib ki, indiki məqamda “3+3” formatında görüşün keçirilməsi bir sıra məsələlərin həllində açar ola bilər:
“Görüş Azərbaycanla Ermənistan arasında sülh prosesinə maneələri aradan qaldıra və bu istiqamətdə regional müstəvidə münbit şərait yarada bilər. Azərbaycan və Türkiyə strateji müttəfiqdir. Rusiya da regional maraqlarını bu müttəfiqlik vasitəsilə qorumaq istəyir. İran da öz növbəsində prosesdən kənarda qalmaq istəyənə oxşamır. Zəngəzur məsələsinə yeni güclər qoşulmaq istəyir, regional oyunçular isə kənar qüvvələrin iştirakında maraqlı deyil”.
Siyasi şərhçinin sözlərinə görə görüş Gürcüstan üçün də faydalı ola bilər:
“Gürcüstanla Rusiya arasında buzlar əriyə bilər. Rəsmi Tbilisi gələcəkdə “3+3” formatı çərçivəsində Abxaziya və Cənubi Osetiya problemlərinin həll edilməsi istiqamətində irəliləyişlərə nail ola bilər. Ermənistan da görüşdə iştirak edəcəyini bildirib. Görünür, Paşinyan müəyyən mənada yola gəlməyə başlayıb. Azərbaycanın regionda yaratdığı yeni reallıq Paşinyanın fikrini dəyişmək üzrədir. Son zamanlar Azərbaycan-İran münasibətləri də normal məcrada davam edir. Təmasların qurulması İranın da “3+3” formatına baxış bucağını dəyişdi. Uzun zaman sonra ilk görüşün məhz Tehranda baş tutması İrana edilən bir jestdir. Gürcüstan da görüşdə iştirak etsə “3+3” formatında ilk uğurlu görüş reallaşa bilər”.
Törə Zeynallı Demokrat.az


