Bakının Sabunçu rayonunda 1988-ci il təvəllüdlü Əli ailə münaqişəsi zəminində həyat yoldaşı Rəvanəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 20-də Bakıxanov qəsəbəsi, Sülh küçəsində olan 74 saylı tam orta məktəbin həyətində baş verib.
Əli şəxsi münasibətlərin pozulması səbəbindən aralarında yaranmış münaqişə zamanı həyat yoldaşı Rəvanənin saçından tutaraq sifət nahiyəsinə şillə, ayağına təpiklə zərbə vurub.
Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, 2017-ci ildə Rəvanə ilə rəsmi qaydada ailə həyatı qurub və birgə nikahdan bir qız övladları var:
“İlk vaxtlar münasibətlərimiz yaxşı olsa da, sonradan onunla yola getmədiyim üçün ondan ayrı Ramana qəsəbəsində kirayə ev tutaraq orada yaşadım. İyulun 20-d Rəvanə zəng edərək qızım Səidənin xəstə olduğunu dedi, onun üçün dərman almaq lazım olduğunu bildirdi. Mən buna etiraz etmədim. Rəvanə ilə görüşüb övladım üçün lazım olan dərman vasitələrini aldığımı bildirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Bakıxanov qəsəbəsində olan Heydər Əliyev adına parkda gəzmək qərarına gəliblər:
“Parka daxil olduqdan bir neçə dəqiqə sonra Rəvanə mənimlə mübahisə edərək nə üçün parkda olan digər xanımlara baxırsan deyə yüksək səslə qışqırmağa başladı. İlk öncə Rəvanəni sakitləşdirmək istəsəm də, əhəmiyyət vermədi, öz bildiyini davam etdi. Rəvanəni yaxınlıqda olan 74 saylı tam orta məktəbin həyətinə apardım və sakit şəkildə danışmasını xahiş etdim. Lakin Rəvanə mənimlə mübahisəyə davam etdi. Mübahisə zamanı Rəvanə ünvanıma nalayiq ifadələr işlətdiyi üçün əsəblərimə sahib çıxa bilmədim. Onun saçından tutaraq, sifət nahiyəsinə şillə, ayağına isə təpik ilə vurdum”.
Bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Əli 1000 manat miqdarında cərimə olunub.
Fariz Məlikli Demokrat.az


