Ağdam marşrutunun açılması məsələsi həll olundu və beləliklə, Qarabağda “humanitar fəlakət” iddiaları üzərindən oynanılan oyunların bir qalibi var: Azərbaycan.
Artıq bu gün Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının Ağdama, oradan isə Əsgərana daxil olması təmin ediləcək və bununla Ağdam-Xankəndi marşrutunun açılışı qeydə alınacaq. Bu, rəsmi Bakının növbət qələbəsidir və bu qələbə təkcə Ermənistan üzərində yox, “humanitar fəlakət” iddiası üzərindən bölgədəki maraqlarına nail olmağa, bu məqsədlə Azərbaycana təzyiq etməyə çalışan regional və beynəlxalq oyunçuların da üzərində əldə olunub. Çünki ilk gündən Azərbaycan öz ərazisi olan Qarabağa yüklərin bizim ərazimizdən daşınmasına dair prinsipial mövqe sərgiləyirdi. Bu, həm daxili, həm də beynəlxalq qanunvericiliyə uyğundur. Lakin Qarabağdakı separatizmi dəstəkləyən Ermənistan Laçın yolunun açılmasını istəyir, bu məqsədlə sərhədimizdə “yardım şousu”nun düzəldilməsindən tutmuş beynəlxalq müstəvidə aparılan kampaniyaya qədər hər yola əl atırdı. Hətta BMT Təhlükəsizlik Şurasını da absurd iddialarının müzakirə platformasına çevirdilər. Lakin nəticə əldə edə bilmədilər, sonda Bakının haqlı tələbi qəbul olundu.
Ağdam-Xankəndi yolu açılır. Bu o deməkdir ki, Xankəndinə aparılan yol da açılır və Rusiya yüklərinin keçidindən sonra Azərbaycanın humanitar yükləri də Qarabağdakı ermənilərə çatdırılacaq. Bunun artıq başqa yolu yoxdur. Erməni əhalisini girovluqda saxlayan separatçılar da bu məsələdə heç nə edə bilməyəcəklər. Bu yolun açılması həm də beynəlxalq müstəvidə aparılan “humanitar fəlakət” kampaniyasına ciddi zərbə vurdu. Artıq bu iddiaların heç bir mənası qalmayacaq, çünki erməni əhalisinə yüklərin çatdırılmasına başlanılıb.
Burada gündəmə gələn məsələlərdən biri də Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın yolunun da yüklər üçün açılmasıdır. Hərçənd ki, rəsmi Bakının bununla bağlı qətiyyətli mövqeyi dəyişməyib.
Prezidentin köməkçisi Hikmət Hacıyev dünən axşam saatlarında bəyan edib ki, “Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükünün Xankəndi istiqamətində hərəkət etməsi ayrıca bir razılaşmadır və Beynəlxalq Qızıl Xaç Komitəsinin daşımaları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır”. Yəni, Azərbaycan yükləri Xankəndinə çatdırılmadığı müddətdə Laçın yolu da açılmayacaq.
Burada Bakının prinsipial mövqeyi həm də onunla bağldır ki, BQXK-nın yükləri üçün Laçın yolunun açılması yalnız BQXK-nın yüklərinin Ağdam marşrutu ilə getməsi ilə eyni vaxtda mümkündür. Bu, Ağdam yolu işləmədiyi müddətdə Laçın yolunun açılmayacağını bir daha nümayiş etdirir.
Digər tərəfdən, Laçın yolunda Azərbaycanın gömrük-hüquqi rejiminin işləməsi erməni əhalisinin təminatında ən unikal marşrutun Ağdam-Xankəndi yolu olduğunu deməyə əsas verir.
Bütün bunların fonunda dəyişməyən tələblər də var. Bu, Qarabağdakı separatizmin ləğv edilməsi, qanunsuz silahlı dəstələrin tərki-silah olması və erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır. Ağdam marşrutunun açılması Bakının bu tələblərini dəyişdirmir və bu məsələlər aktual olaraq qalır.
Elmar Heydərli Demokrat.az


